Tərəfdarları ilə görüşü zamanı Donald Trampa qarşı sui-qəsd cəhdi olub 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatının Butler şəhərində tərəfdarları ilə görüşü zamanı hücuma məruz qalıb. Atəş səsləri Tramp kürsüyə yaxın dayanıb çıxış edərkən eşidilib. Sabiq prezidenti səhnədən məxfi xidmət əməkdaşları çıxarıblar. Hücum edən şəx öldürülüb.

Tramp hadisədən sonra verdiyi açıqlamada güllənin sağ qulağının yuxarı hissəsini deşdiyini yazıb. O, artıq xəstəxananı tərk edib.

Keçmiş və indiki prezidentlərin təhlükəsizliyinə cavabdeh olan ABŞ Məxfi Xidməti hücumçunun yüksək mövqedən səhnəyə bir neçə dəfə atəş açdığını bildirib. O, xidmətin əməkdaşları tərəfindən zərərsizləşdirilib. Həmçinin, görüşün bir iştirakçısı həlak olub, ikisi isə ağır yaralanıb.

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) məlumatına görə, hücum edən 20 yaşlı Tomas Metyu Kruksdur. “FBI” hadisəni qətlə cəhd kimi təsnif edib.

“Bu axşam keçmiş prezidentimiz Donald Trampa qarşı sui-qəsd adlandırdığımız hadisə baş verdi”, - “FBI” nümayəndəsi mətbuat konfransında deyib və əlavə edib ki, operativ xidmətlər fəaliyyətini davam etdirir.

ABŞ prezidenti Co Bayden seçkidəki rəqibinə qarşı zorakılığı pisləyib və Trampı dəstəklədiyini bildirib: “Amerikada bu cür zorakılığa yer yoxdur. Biz bir millət olaraq birləşməli və bunu qınamalıyıq”, - deyə Bayden bildirib.

Baş verənlərə baxmayaraq, Respublikaçılar Partiyasının Milli Komitəsi iyulun 15-18-nə planlaşdırılan və Donald Trampın partiyanın prezidentliyə namizədi kimi rəsmən irəli sürüləcəyi milli qurultayı ləğv etməyib. Trampın özü də orada iştirak etmək niyyətindədir.

Donald Trampa edilən hücuma Gürcüstan hakimiyyəti də münasibət bildirib. Baş nazir İrakli Kobaxidzenin bəyanatına görə, “qlobal müharibə partiyası” hadisə ilə əlaqəlidir.

“Qlobal Müharibə Partiyası öz üsullarını dəyişmir. 21-ci əsrdə Amerika və Avropada liberal faşizm, radikalizm, qütbləşmə, nifrət və siyasətçilərə qarşı qanlı hücumlar adi hala çevrilib. Donald Trampa həmrəyliyimi bildirirəm və tez sağalmasını arzulayıram”, - Kobaxidze sosial şəbəkədə yazıb.

Parlament çoxluğunun lideri Mamuka Mdinaradzenin sözlərinə görə, “demokratiyanın flaqman dövlətində prezidentliyə namizədə hücum” təəccüblü, narahatedici və təşviş doğurucudur. O, Trampın sağalmasını və tez bir zamanda seçki mübarizəsinə qayıtmasını arzulayır.

“Siyasi zorakılıq və sui-qəsd cəhdləri, təxribatçı hərəkətlər və yalanın təbliği, müharibə və dağıntılar “Qlobal Müharibə Partiyası” və liberal faşizmin imzalarıdır. Gürcüstanda agentlik partiyalarının mövqeyi isə belədir ki, “Qlobal Müharibə Partiyası yoxdur, onu “Gürcü Arzusu” uydurub...”, - Mdinaradze “Facebook”da yazıb.

Gürcüstan prezidenti Salome Zurabişvilinin fikrincə, demokratiyada siyasi zorakılığa yer olmamalıdır. O, Trampa və bütün xəsarət alanlara şəfa diləyib, həmçinin görüşün ölən iştirakçısının ailəsinə başsağlığı verib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur