Tbilisidə rus qanunu əleyhinə çoxminlik aksiya keçirilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Tbilisidə üç fərqli yerdən start götürən, rus qanunu əleyhinə olan və Gürcüstanın Avropa kursunu dəstəkləyən yürüşdə on minlərlə insan iştirak edib. Vətəndaşlar Gürcüstan və Avropa bayraqları ilə Avropa Meydanına toplaşıblar.

Aksiya iştirakçıları arasında müxalifət siyasətçiləri, mülki fəallar və qeyri-hökumət təşkilatlarının nümayəndələri də olub. Onların dediyinə görə, xeyli vaxtdır ki, Tbilisi küçələrində bu qədər insan görməyiblər.

“Hökumət görməlidir ki, nə edirsə etsin, hansı üsullardan istifadə edirsə etsin, gürcü xalqı avropapərəstdir və heç vaxt Rusiyanın bir hissəsi ola bilməz. Bu, dəniz boyda insan toplusu bizim Avropa gələcəyimiz üçün hər şeyi edəcəklər. Bu faktdır. Buna görə də gəlin bu rus üsullarından əl çəkək. Bunu nə qədər tez etsələr, bir o qədər yaxşıdır, əks halda onlardan gələn bütün aqressiya geri onlara yönələcək. Burada qanundan danışmırıq, onların ölkəni Rusiyaya doğru aparmasından danışırıq. Bu qərar dəyişdirilməlidir”, - yürüş zamanı “Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatının rəhbəri Eka Qiqauri bildirib.

Son bir neçə gün ərzində hakimiyyət rus qanunu əleyhdarları və onların ailə üzvlərinə qarşı aqressiv hədə-qorxu, zorakılıq və həbs kampaniyası aparır. Onlar mülki fəallara və müxalifət nümayəndələrinə hücum edib, onlara fiziki təzyiqlər ediblər. Naməlum şəxslər qeyri-hökumət təşkilatlarının rəhbərlərinin və jurnalistlərin yaşayış evi və ofislərinin yaxınlığında təhqiramiz, ləyaqət alçaldıcı, hədə-qorxu ehtiva edən və zorakılığa təhrik xarakterli plakatlar yapışdırıb, onların avtomobillərinə də ziyan vurublar. Bundan əlavə, rus qanunu əleyhdarları, onların azyaşlı uşaqları və hətta pensioner valideynlərinə də zəng edib, söyüb hədələyiblər. Hökumət kütləvi zorakılığa reaksiya verməyib.

“Gürcü Arzusu” gələn həftə rus qanununu üçüncü və son oxunuşda qəbul etməyi planlaşdırır. Mayın 13-də, bazar ertəsi səhər saat 09:00-dan etibarən qanun parlamentin Hüquq Məsələləri üzrə Komitəsində müzakirəyə çıxarılacaq, ertəsi gün isə plenar iclasda səsverməyə çıxarılaraq.

Etiraz aksiyası mayın 12-də saat 22.00-da parlament önündə davam edəcək və nümayişçilər orada gecələyəcəklər.

Qanununun müzakirəsi ilə paralel olaraq bir sıra Aİ ölkələrinin parlamentinin nümayəndə heyəti Gürcüstana gələcək. Mayın 14-də ABŞ dövlət katibinin köməkçisi Cim O’Brayen Tbilisiyə səfər edəcək.

3 aprel 2024-cü ildə Gürcüstanın hakim partiyası bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü "xarici agentlər" haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq, təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. 150-dən çox qeyri-hökumət təşkilatı və media heç bir halda “ləyaqət alçaldıcı reyestrdə” qeydiyyatdan keçməyəcəkləri ilə bağlı bəyanat yayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur