Tsalenjixa meriyasının 2 əməkdaşı rüşvət almaqda ittiham edilərək saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi qabaqcadan əlbir olan qrup tərəfindən külli miqdarda rüşvətin alınması ittihamı ilə, Tsalenjixa bələdiyyəsinin meriyasının əməkdaşları - əmlakın idarə edilməsi şöbəsinin müdiri Temur Mebonia və həmin şöbənin mütəxəssisi B. D.-nı saxlayıb.

Təhlükəsizlik Xidmətinin məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Tsalenjixa bələdiyyəsinin Cvari qəsəbəsində yerləşən 1550 kv/m torpaq sahəsini hərraca çıxarmaq müqabilində vətəndaşdan 20 000 lari tələb edərək götürüblər.

Faktla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin “b” və “c” bəndləri ilə istintaq aparılır. Cinayət 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Tsalenjixa Gürcüstanda 64 bələdiyyə arasında müxalifət meri olan yeganə bələdiyyədir. Tsalenjixa şəhərinin meri Qiorqi Xarçilava əməkdaşlarının saxlanılması ilə bağlı açıqlama verməyib. Merin birinci müavini İvane Burduli “Gürcüstan Xəbərləri”nə deyib ki, o, işin təfərrüatlarını bilmir. Onun sözlərinə görə, Temur Mebonia 40 ilə yaxındır ki, meriyada işləyir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur