Rusiyadan gələn rus turistlərlə dolu səyahət gəmisinin səhər saatlarından dayandığı Batumi limanında vətəndaşlar toplaşaraq etiraz aksiyası keçirirlər. Polis əməkdaşları nümayişçilərlə gəmi arasında dayanıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz bu gün buraya milli ləyaqətimizi qorumaq üçün toplaşmışıq. İlk səyahət gəmisi gəldikdən sonra, elə ilk qonaqlar milli ləyaqətimizi tapdalamağa cəsarət etdilər, dedilər ki, Rusiya işğalçı deyil, Abxaziyanı bizdən qoruyublar. Bu gün biz Gürcüstan uğrunda döyüşlərdə həlak olan qəhrəmanların adlarını qoruyuruq. Biz hər bir rus turistə başa salmaq istəyirik ki, onlar bizim qonağımız deyillər, biz onların ləyaqətimizi tapdalamalarına və heç nə olmamış kimi dənizimizdə dincəlmələrinə heç vaxt icazə verməyəcəyik”, - deyə aksiya iştirakçılarından biri Luka Natsvlişvili bildirib.
Mitinqdə müxalifət partiyasının nümayəndələri də olub. Vahid Milli Hərəkat Partiyasının üzvü Qiorqi Kirtadzenin sözlərinə görə, hökumət insanları Rusiya vətəndaşlarının bu cür səfərlərinə alışdırmağa çalışır.
“Bu gəmidən gələnlər bizə deyəndə ki, Jiuli Şartava, Quram, Qabiskiria və Abxaziyada döyüşən minlərlə insan zorakı insanlardır və Rusiya abxazları bu insanlardan qoruyub, bundan daha təhqiramiz nə ola bilər? İnsanların buna etiraz etməsi çox vacibdir. Bu gəmidə olanlar və Rusiyada olan hər kəs bilməlidir ki, Rusiyanın işğalçı olmadığına Samaçablo və Soxuminin Gürcüstan olmadığına inansalar, heç kim onları burada Elarji və Xaçapuri ilə qarşılamayacaq”, - Kirtadze bildirib.
İyulun 22-də Rusiyadan, Soçi limanından yola düşən “Astoria Grande” səyahət layneri bu gün səhər saatlarında Batumi limanına daxil olub. Gəmidə 850 sərnişin var və onlar bir gün Batumidə dayanacaqlar.
Gürcüstan Dəniz Nəqliyyatı Agentliyinin bildirdiyinə görə, gəmi türk səyahət şirkəti tərəfindən idarə olunur, gəmi sahibi Seyşel adalarında qeydiyyatdadır və beynəlxalq sanksiyalara məruz qalmayıb, buna görə də limanda qalmaq hüququ var.
Vətəndaşların xüsusi etirazına gəmidən düşən bəzi Rusiya vətəndaşlarının şərhləri səbəb olub. Onlar Rusiyanın Gürcüstanın ərazilərini işğal etdiyini düşünmürlər.
“İşğaldan xəbərimiz yoxdur, siz bizim bir növ respublikamız, ittifaqımız idiniz, işğal olunmuş ölkə yox. Rusiya işğalçı deyil, biz sizi nə vaxt işğal etmişik? Biz sizə kömək edirdik. Abxaziyanı sizdən azad etdik. Onlar bizdən kömək istədilər. Siz ora tanklarla girdiniz və biz o tankları gördük. Mən Abxaziyada idim, pəncərəsiz evlər gördüm, çünki hamısını siz dağıtmışdınız. Rusiya Abxaziyanın sizdən azad edilməsinə kömək etdi”,- Turistlərdən biri jurnalistlərə bildirib. O, Abxaziyada nə vaxt olduğunu dəqiqləşdirməyib və ola bilsin ki, o, Gürcüstanın “Işğal olunmuş ərazilər haqqında” qanununu pozub.
2008-ci ilin avqust müharibəsindən sonra qəbul edilən qanuna əsasən, əcnəbi vətəndaşlara Gürcüstanın işğal olunmuş ərazilərinə - Abxaziya və Tsxinvali regionuna yalnız Zuqdidi və Qori bələdiyyələrindən daxil olmağa icazə verilir. Bu qaydanın pozulması cərimə və ya 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyri-hökumət təşkilatı “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası” Daxili İşlər Nazirliyini qanunvericiliyin müəyyən edilmiş tələblərini pozan şəxslərin müəyyən edilməsi üçün tədbirlər görməyə çağırıb.
“Astoria Grande”nin bir həftəlik səyahət marşrutuna Batumi bu il ilk dəfə daxil edilib. İyulun 29-dan avqustun 5-dək olan müddətdə daha bir belə turun keçirilməsi planlaşdırılır. Göyərtəsində rus estrada müğənnilərinin də yer alacağı “Astoria Grande” Soçidən Trabzona yola düşəcək, daha sonra Batumi limanına daxil olacaq, oradan Türkiyəyə qayıdaraq Amasra və İstanbulda dayanacaq. İstanbuldan gəmi yenidən Soçiyə gedəcək.