Venesiya Komissiyasının vitse-prezidenti: rus qanunu beynəlxalq standartlara uyğun gəlmir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Venesiya Komissiyasının vitse-prezidenti Vernika Bilkova Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin iclasında bildirib ki, “xarici agentlər” haqqında qanun rus tipli qanundur və beynəlxalq standartlara uyğun gəlmir. Bilkova Venesiya Komissiyasının qanunun ləğv edilməsi ilə bağlı tövsiyəsini təkrarlayıb.

“Əvvəlcə aydınlaşdırmaq lazımdır ki, bəzən bir-biri ilə qarışdırılan və hər ikisi “xarici agentlər” haqqında qanun kimi hesab edilən iki növ qanun var. Bir tərəfdə, xarici aktorun göstərişi və ya nəzarəti ilə fəaliyyət göstərən qurumlara şamil olunan qanunlar var. Bunlar lobbiçilik qanunlarıdır və buna misal ABŞ-dakı “FARA”dır.

Digər tərəfdən, elə qanunlar var ki, qurumlara sadəcə ona görə tətbiq edilir ki, həmin qurumlar maliyyə vəsaitlərinin bir hissəsini xaricdən alırlar. Belə qanunlar, məsələn, Rusiya, Macarıstan və ya Qırğızıstanda qüvvəyə minib və Venesiya Komissiyası və Avropa İnsan Hüquqları Məhkəməsi də daxil olmaqla müxtəlif Avropa məhkəmələri tərəfindən tənqidi şəkildə qiymətləndirilib. Gürcüstandaki qanun bu ikinci növə aiddir”, - Veronika Bilkova bildirib.

Onun sözlərinə görə, Venesiya Komissiyası qanunun beynəlxalq standartlara - xüsusilə ifadə azadlığı, birləşmək azadlığı, şəxsi həyatın toxunulmazlığı və ayrı-seçkiliyin qadağan edilməsi hüquqları ilə bağlı standartlara uyğunluğunu qiymətləndirib.

“Venesiya Komissiyasının rəyi belə nəticəyə gəlir ki, bu qanun bir neçə səbəbə görə bu standartlara cavab vermir, mən onlardan dördünü qeyd edəcəyəm:

  • İlk olaraq, qanunun dili qeyri-müəyyəndir və Ədliyyə Nazirliyinə və digər dövlət qurumlarına həddən artıq səlahiyyətlər verir. Bu, qanunilik tələbinə ziddir, ona görə hüquqi aktlar aydın və başa düşülən olmalı, mülahizənin müəyyən hüdudları olmalıdır;
  • İkincisi, qanun belə bir fərziyyəyə əsaslanır ki, istənilən xarici maliyyə, nə qədər məhdud və şaxələnmiş olsa da, avtomatik olaraq xarici təsirə səbəb olur. Cəmiyyətdə ümumi inamsızlıq mühiti yaratmaq riski daşıyan bu fərziyyə təkcə müəyyən subyektlərə aid olduğu üçün sübuta yetirilməsi çətin olmaqla yanaşı, ayrı-seçkiliyə yol verilməməsi prinsipinə də ziddir. Hədəflər yalnız vətəndaş cəmiyyəti və ya qeyri-hökumət təşkilatları və media qurumlarıdır və məsələn, biznes subyektləri deyil;
  • Üçüncüsü, Gürcüstanın mövcud qanunvericiliyi artıq qurumlardan - qeyri-hökumət təşkilatlarından və KİV-dən qeydiyyatdan keçməyi və hesabat verməyi, o cümlədən maliyyə təminatı haqqında məlumat verməyi tələb edir. Nə izahat yazısında, nə də Venesiya Komissiyası ilə müzakirə zamanı əlavə izahat verilmədi ki, nə üçün kifayət qədər geniş olan mövcud öhdəliklər şəffaflığı təmin etmək üçün yetərli deyil;
  • Dördüncüsü - qanunun ilk növbədə subyektlərə və daha geniş şəkildə Gürcüstan cəmiyyətinə dramatik təsiri və nəticələri olacaq. Qanunun tətbiq etdiyi, yəni təşkilatların xarici dövlətin maraqlarının agentləri olacağı etiketi açıq-aşkar damğa vurur. Bu, həmin qurumların nüfuzuna xələl gətirmək riski yaradır və onların fəaliyyətini çox çətinləşdirir. Üstəlik, belə qurumların üzərinə qoyulan əlavə öhdəliklər, xüsusilə hesabat öhdəlikləri kifayət qədər ağırdır və kiçik müəssisələr onları yerinə yetirməkdə real çətinliklərlə üzləşə bilər. Şəxsi həyatın toxunulmazlığı hüququ əsasən rədd edilir”.

Veronika Bilkovanın sözlərinə görə, qanun təşkilatları çətin vəziyyətdə qoyur: əgər onlar xarici dövlətin maraqlarının daşıyıcısı kimi qeydiyyatdan keçsələr, “onlar həqiqətən fəaliyyət göstərə bilməyəcəklər, çünki onların nüfuzu zərər görəcək və bütün bu ağır, əlavə öhdəlikləri yerinə yetirməli olacaqlar”, qeydiyyatdan keçməsələr, onlar yenə işləyə bilməyəcəklər, çünki tətbiq olunacaq cərimələr yəqin ki, bir çox təşkilatı məhv edəcək.

“Bu təşkilatların fəaliyyətinə və insan haqlarına bu qədər geniş müdaxilənin demokratik cəmiyyətdə necə mütənasib və zəruri sayıla biləcəyini təsəvvür etmək çətindir. Ona görə də rəy çox aydındır - qanun beynəlxalq standartlara uyğun deyil və o, ləğv edilməlidir, daha doğrusu, Gürcüstan prezidenti tərəfindən veto qoyulduqdan sonra qəbul edilməməlidir.

Lakin Gürcüstanın xarici aktorun göstərişi və ya nəzarəti altında fəaliyyət göstərən qurumların olması barədə məlumatı varsa və lobbiçilik haqqında qanunvericiliyin natamam olduğunu hesab edirsə, bu qanuna yenidən baxılması barədə qərar verə bilər. Venesiya Komissiyası kömək etməyə hazırdır”, - Bilkova bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur