Avropa Şurası “Oçneba”nı rus qanununu ilə bağlı Venesiya Komisiyasının rəyini gözləməyə çağırır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç rus qanununun ikinci oxunuşda qəbul edilməsindən narahatlığını bildirir və Gürcüstan parlamentinin üzvlərini yekun qərar qəbul etməzdən əvvəl Venesiya Komissiyasının rəyini gözləməyə çağırır. Mariya Peyçinoviç Buriçi Tbilisidə davam edən nümayişlərin dağıdılmasını da şərh edir və bildirir ki, nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqi insan haqları standartları ilə bir araya sığmır.

“Mən Gürcüstanda baş verən hadisələrdən dərin narahatam və Gürcüstanın beynəlxalq tərəfdaşlarının onu geri götürmək çağırışlarına baxmayaraq, parlamentin xarici təsirin şəffaflığı haqqında qanun layihəsini ikinci oxunuşda qəbul etməsindən təəssüflənirəm. Onun Avropa demokratik və insan haqları standartlarına uyğunluğu ilə bağlı ciddi narahatlığı nəzərə alaraq, mən gürcü deputatlarını yekun qərar qəbul etməzdən əvvəl Venesiya Komisiyasının rəyini gözləməyə və onun tövsiyələrini nəzərə almağa çağırıram.

Güclü və tam fəaliyyət göstərən demokratiya üçün vətəndaş cəmiyyəti və media üçün əlverişli mühitin mövcudluğu vacibdir.

Şəffaflıq vətəndaş cəmiyyəti təşkilatlarını damğalamaq və onların sərbəst fəaliyyət imkanlarını məhdudlaşdırmaq üçün alət kimi istifadə edilməməlidir.

Həmçinin günlər Tbilisi küçələrində baş verən zorakılığı pisləyirəm. Nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqi insan hüquqları standartları ilə bir araya sığmır. Demokratiyaya dərin sadiqliklərini dəfələrlə nümayiş etdirmiş gürcülər sərbəst toplaşmaq və ifadə azadlıqlarından dinc şəkildə istifadə edə bilməlidirlər.

Ümidvaram ki, Gürcüstan və Avropa Şurası son illər səmərəli əməkdaşlığımız üçün xarakterik olan konstruktiv dialoqu davam etdirəcək. Biz Gürcüstana Avropa İttifaqına inteqrasiya yolunda beynəlxalq standartlara uyğunluğun təmin edilməsində kömək etməyə hazırıq”, - Avropa Şurası baş katibinin bəyanatında deyilir.

Böyük etirazlara səbəb olan rus qanununu mayın 1-də parlament ikinci oxunuşda 23 əleyhinə 83 lehinə səslə qəbul edib. Səsvermədən əvvəl baş nazir İrakli Kobaxidze brifinq keçirib və o, bildirib ki, “Gürcü Arzusu” güzəştə getməyə və rus qanununu geri götürməyə hazırlaşmır.

Gürcüstandakı hadisələrə Amerika Birləşmiş Ştatları da reaksiya verib. Dövlət Departamentinin sözçüsü Metyu Miller Kremldən ilhamlanan qanunun “ABŞ-Gürcüstan münasibətlərinə xələl gətirəcəyini” və Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmaq istəklərinə təsir edəcəyini, səfir Robin Daniqan isə “Gürcü Arzusu”nun bəzi nümayəndələrinin Gürcüstanın suverenliyinin ən böyük iki dəstəkçisinə - ABŞ və Avropa Birliyinə hücum etməyi seçdiyini qeyd edib.

“Gürcü Arzusu” rus qanununu mayın 13-də keçiriləcək sessiya həftəsində üçüncü oxunuşda qəbul etməyə çalışacaq. Gürcüstan prezidenti Salome Zurabişvili dəfələrlə bəyan edib ki, o, qanuna veto qoyacaq, lakin, hakim partiya bunun öhdəsində asanlıqla gələ bilər.

3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl on minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü və bir daha qəbul etməyəcəyinə söz verdiyi “xarici agentlər” haqqında rus qanunu təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrantları hesabına dəstəklənən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. 150-dən çox qeyri-hökumət təşkilatı və media qurumu heç bir halda “ləyaqət alçaldan reyestrdə” qeydiyyatdan keçməyəcəklərini bəyan ediblər.

Gürcüstanın Xalq Müdafiəçisi “Gürcü Arzusu”nun qanun layihəsi ilə bağlı rəy hazırlaması üçün Venesiya Komisiyasına müraciət edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur