“Media Freedom Rapid Response” (MFRR) Gürcüstan parlamentinin sədrinin “Dağ Xəbərləri” qəzetinin redaktoru Qela Mtivlişviliyə qarşı hücumlarını şərh edir və Gürcüstan hakimiyyətini, parlament sədrini şəxsi hücumları və jurnalistlərə qarşı başlanılan gözdən salma kampaniyasını dərhal dayandırmağa çağırır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“MFRR” Aİ-yə üzv və namizəd ölkələrdə mətbuat və media azadlığının pozulması hallarını izləyən və onlara reksiya verən sürətli cavab mexanizmidir. Layihə Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilir.
“MFRR”in tərəfdaş təşkilatları Gürcüstan parlament sədri Şalva Papuaşvilinin gürcü jurnalisti gözdən salmasından narahat olduqlarını bildirirlər. Şərhlər Papuaşvili və başqalarının Gürcüstanda müstəqil mediaya qarşı geniş böhtan kampaniyası dalğası fonunda səslənib.
2024-cü ilin fevralın 20-də gürcü mətbuatı Papuaşvilinin müsahibə zamanı “Dağ Xəbərləri” onlayn xəbər saytının redaktoru Qela Mtivlişvilinin jurnalist keyfiyyətinə şübhə ilə yanaşaraq onu ictimai şəkildə gözdən saldığı barədə məlumat yayıb. Jurnalistlərə açıqlama verən Papuaşvili Mtivlişvilinin 2023-cü ilin avqustunda dağlıq Şovi qəsəbəsində 33 nəfərin ölümü ilə nəticələnən təbii fəlakətlə bağlı araşdırmasını xatırladıb.
Gürcüstan parlamentinin sədri məqaləni geniş şərh edərkən onun “yalanlarla dolu” olduğunu və “dezinformasiya kampaniyasının” bir hissəsi olduğunu iddia edib. O, həmçinin Mtivlişvilinin 2023-cü ildə Aİ-nin Jurnalistika Mükafatının finalçıları arasında hansı əsasla yer aldığını şübhə altına alıb və qalibləri seçən münsiflər heyəti üzvlərinin adlarını tələb edib.
Bu, Papuaşvilinin iştirakı ilə baş verən ilk belə hadisə deyil. 2023-cü ilin sentyabrında “OC Media” onlayn nəşri Papuaşvilinin fikirlərini dərc etməkdən imtina etdikdən sonra Parlamentin sədri “OC Media”nı dəstəkləyən ən azı bir donor təşkilata şikayət məktubu göndərib. Ondan əvvəl parlament sədrinin nümayəndəsi nəşr materialı dərc edəcəyini təsdiqləyənə qədər mətni “OC Media”ya göndərməkdən imtina edirdi.
Papuaşvili məktubunda “OC Media”nın qərarını “Gürcüstanda özünü “tənqidçi media” adlandıranların niyə və necə özünü gözdən salması, ictimai etimadı itirməsi və bir qayda olaraq, bir-biri ilə və ya öz qapalı çevrəsi ilə danışmaqla kifayətləndiyinin bariz nümunəsi kimi təsvir edib. “OC Media”nın onun yazısını dərc etməkdən imtina etməsinə verdiyi bu cavabı ilə Papuaşvili qanuni media orqanını nüfuzdan salıb və mediaya qarşı inamsızlığın artmasına səbəb olub.
“MFRR”in tərəfdaşları Papuaşvili və ya digər dövlət məmurlarının oxşar cəhdlərini pisləyir. Mtivlişviliyə qarşı şərhlər qəbuledilməzdir, xüsusən də Papuaşvilinin Gürcüstan parlamentindəki yüksək mövqeyini nəzərə alsaq.
Təəssüf ki, jurnalistlərə qarşı dezinformasiya və gözdənsalma kampaniyaları Gürcüstanda media azadlığına açıq şəkildə təhlükə yaradır. “Medianın Advokatlaşdırılması Koalisiyası” Papuaşvilinin son bəyanatından sonra bu şərhlərin “sistemli” xarakter almasından narahatlığını ifadə edib.
Yanvarda hakim “Gürcü Arzusu” partiyası jurnalist Teo Qiliqaşvilinin parlamentə göndərdiyi ictimai məlumat sorğusuna cavab verib, onun məktubunun surətini
“Facebook” səhifəsində dərc edib və sorğunun legitimliyini şübhə altına alıb.
“Medianın Advokatlaşdırılması Koalisiyası” oxşar hərəkətləri pisləyib və bildirib ki, “Gürcü Arzusu” bunu mütəmadi olaraq “Facebook” səhifəsindən siyasi rəqiblərini, vətəndaş cəmiyyəti təşkilatlarını, tənqidi medianı və jurnalistləri gözdən salmaq üçün istifadə edir”.
Başqa bir halda, Acara Muxtar Respublikasının Ali Şurasının üzvü Vladimir Mqaloblişvili jurnalist Tedo Zorbenadzenin yerli şuraya göndərdiyi oxşar məktubu dərc edib. Mqaloblişvili nüfuzdan salan yazısında jurnalisti yalan danışmaqda ittiham edib və onun şəxsi məlumatlarını də gizlətməyə çalışmayıb. Yerli hakimiyyət daha sonra bu məktubun Mqaloblişviliyə haradan gəldiyini “xatırlamadıqlarını” iddia edib.
“MFRR”ın tərəfdaşları Gürcüstan hakimiyyətini ölkədəki medianın siyasətçilərdən alçaldıcı və təhqiredici şərhlər almadan sərbəst fəaliyyət göstərməsini təmin etməyə çağırır. Bu, xüsusilə nüfuzlu vəzifələr tutan və cəmiyyətdə mühüm rol oynayan şəxslərə aiddir. Jurnalistlərə şəxsi hücumlardan çəkinmək üçün əlavə məsuliyyət daşıyan Papuaşvili bunlar arasındadır.
Beynəlxalq təşkilatlar Papuaşvilinin üzvü olduğu hakim partiyanın rəhbərliyini parlament sədrinin başlatdığı nüfuzdan salma kampaniyasını dərhal pisləməyə və həmçinin, gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün üzvlərinə aydın bələdçi prnsiplər təqdim etməyə çağırır”.
Bəyanatı imzalayırlar: “Beynəlxalq Mətbuat İnstitutu” (IPI), “Avropa Mətbuat və Media Azadlığı Mərkəzi” (ECPMF), “Avropa Jurnalistlər Federasiyası” (EFJ), “Nəşriyyat Azadlığının Məhdudiyyətsizliyi” (FPU) və “OBC Transeuropa” (OBCT).
Fevralın 20-də parlament sədri Şalva Papuaşvili Aİ-nin Gürcüstandakı nümayəndəsindən “Dağ Xəbərləri”nin redaktoru Qela Mtivlişvilinin Şovi faciəsi ilə bağlı məqaləsinin Avropa İttifaqı Mükafatının ən yaxşı araşdırma işləri kateqoriyasında finalına necə çıxması ilə bağlı izahat tələb edib.
Şovi faciəsini dərindən və tənqidi şəkildə işıqlandırdığına görə, “Dağ XƏbərləri” dəfələrlə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və hazırkı baş nazir İrakli Kobaxidzenin hücumlarının hədəfinə çevrilib.