Biz ona təşəkkür etdik, o müşavir vəzifəsinə simvolik olaraq təyin olunmuşdu - Ğaribaşvili Xidaşeli haqqında

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili bildirib ki, sanksiya tətbiq olunan rusiyalı oliqarxın şəriki Davit Xidaşeli Gürcüstanın müdafiə nazirinin müşaviri vəzifəsini 4 il müddətinə simvolik olaraq tutub.

Jurnalistlər Ğaribaşvilidən “Kremlə yaxın adamı” niyə nazirin müşaviri təyin etdiyini soruşublar və o, belə cavab verib:

“Kremlə kim yaxın idi? Bu mövzunun niyə bu qədər aktual olduğunu bilmirəm. Davit Xidaşeliyə gürcü dövlətini gücləndirəcək çox vacib xəritələr gətizdirdik. Bu xəritələri gətizdirdik və o çox əhəmiiyətli iş gördü. Biz ona təşəkkür etdik, çünki o, bizə, dövlətə çox vacib material gətirdi. Səhv etmirəmsə, simvolik olaraq 4 il müşavir vəzifəsini tutub. Ümumiyyətlə, bilmənizi istərdim ki, o, sərhəd, demilitarizasiya məsələlərini, xəritələri və s. çox yaxşı bilir”.

Hakim partiyanın hazırkı sədrindən Davit Xidaşelinin məxfi məlumatlara çıxışının olub-olmaması da soruşulub.

“Hansı məlumatdan danışırsınız? Heç bir şey haqqında heç bir məlumatınız yoxdur və insanlara yalan danışırsınız. Bu absurddur, mənasızdır. Onlar [müqaviləni] ictimailəşdirəcəklər.

4 il elə işləyib ki, ümumiyyətlə sual verilməyib. İndi, ümumiyyətlə, bilmirəm niyə bu mövzunu qaldırdınız”, – Ğaribaşvili bildirib.

Davit Xidaşeli 2020-ci ildən 2024-cü il fevralın 9-dək müdafiə nazirinin müşaviri vəzifəsində çalışıb. Bu dövrdə müdafiə nazirləri İrakli Ğaribaşvili və Cuanşer Burçuladze olub. İrakli Ğaribaşvili 2019-cu ilin sentyabrından müdafiə naziri olub və 2021-ci ilin fevralında baş nazir təyin edildikdən sonra bu vəzifəni Xuanşer Burçuladze tutub.

İrakli Ğaribaşvili 2024-cü il yanvarın 29-da baş nazirlikdən istefa verib. Az sonra Cuanşer Burculadze də vəzifəsini tərk edib. Davit Xidaşelinin Müdafiə Nazirliyində işləməsi məhz bu kadr dəyişikliklərindən sonra məlum olub.

Davit Xidaşeli “Mtavari Arxi” teleşirkətinə bildirib ki, Davit Qarecinin sərhədlərinin müəyyən edilməsi məsələsində Gürcüstan hakimiyyəti ilə məsləhətləşib, lakin, o, heç vaxt bunun üçün maaş almayıb.

David Xidaşeli kimdir?

Davit Xidaşeli 2007-2014-cü illərdə Rusiyanın “Sistem” korporasiyasının vitse-prezidenti olub. “Sistem” Krımın ilhaqını dəstəkləyən böyük bir konqlomeratdır. Buraya 2021-ci ildən hərbi pilotsuz təyyarələr istehsal edən və Rusiya Müdafiə Nazirliyinə xidmət edən “Krondşadt” şirkəti daxildir.

“Sistem”in sahibi Ukraynada müharibə başladıqdan sonra Böyük Britaniya, Avstraliya, Ukrayna, Yeni Zelandiya tərəfindən sanksiya tətbiq edilən Vladimir Yevtuşenkovdur . Yevtuşenkov Putinin ən yaxın ətrafının nümayəndəsidir. 2023-cü ilin noyabrında məlum olub ki, “Sistem” Amerika Birləşmiş Ştatları tərəfindən də sanksiyaya məruz qalıb. ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) bəyanatında “Sistem” Rusiyanın ən böyük ictimai şaxələndirilmiş holdinq şirkətlərindən biri kimi qeyd olunur.

Yevtuşenkovla Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili arasında yaxın münasibət var. 2022-ci ildə internetdə yayılan gizli səs yazısına əsasən, Davit Xidaşeli Yevtuşenkovla İvanişvili arasında “xəbərçi” olub.

Xidaşeli “kartoqraflar” işinin əsas fiqurdur. Xidaşeli Rusiyadan Gürcüstan Prokurorluğunun Davit Qareci ilə bağlı bütün ittihamı əsaslandırdığı xəritəni gətirib. Bu “xidmətinə” görə o, İvanişvilinin təşəkkürünü də alıb.

“Gürcü Arzusu”nun “#QareciGürcüstandır”ın 2020-ci ildəki seçki kampaniyası Davit Qarecinin işi üzərində qurulub. Hökumət Dövlət Sərhədinin Delimitasiyası və Demarkasiyası Komissiyasının keçmiş üzvləri İveri Melaşvili və Natalia İliçovanı həbs edib. Onlar iddia edirdilər ki, əvvəlki hökumətdən alınan göstərişə əsasən, sərhədin Davit Qareci ilə bitişik hissəsi Gürcüstanın maraqlarına zidd şəkildə razılaşdırılıb, buna görə də Qareci abidə və monastır kompleksinin bir hissəsi Azərbaycanın tərəfdə qalıb. Baş nazir İrakli Ğaribaşvili həbs edilən kartoqrafları vətənə xəyanətdə günahlandırıb və bildirib ki, əraziləri başqalarına verən və antimilli cinayətlər törədən “Milli Hərəkat” ləğv edilməlidir.

2022-ci ilin aprelində Gürcüstan hökuməti Rusiya sərhədi və Rusiyanın işğalı altında olan Tsxinvali bölgəsi yaxınlığındakı Raça və Kvemo Svaneti bölgələrində  104 712 hektar meşə sahəsini 49 il müddətinə Davit Xidaşelinin şirkətinə verib. 2023-cü ilin noyabr ayında hökümət qanun pozuntusunun ifşa olunması, məhkəmə mübahisələri və uzun müddətli etirazlardan sonra bu qərarı ləğv edib. 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur