Bu gün Tbilisi və Batumidə rus qanununa qarşı aksiya keçiriləcək

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Foto © Euronews Georgia

Bu gün, mayın 2-də Gürcüstan parlamentinin binası qarşısında yenidən rus qanununun qəbuluna etiraz ediləcək. Parlament müxalifətinin üzvləri vətəndaşları saat 19:00-da Rustaveli prospektində toplaşmağa çağırıb.

“Təbii ki, bu etiraz dayanmayacaq. Bu gün, gəlin bir yerə toplaşaq ki, Gürcüstanın geosiyasi seçimi Bidzina İvanişvilinin istədiyi kimi Rusiya olmasın”, - deputat Xatia Dekanoidze qanunverici orqanın girişində müxalifətçi həmkarları ilə keçirdiyi brifinqdə bildirib.

“Lelo” üzvü, deputat Salome Samadaşvili dünənki aksiya iştirakçılarına təşəkkür edib. Onun dediyinə görə, etirazın nəticəsidir ki, bu gün “Gürcü Arzusu”nun üzvlərinin parlamentə gəlməyə “cəsarət etməməsi” də bunu göstərir.

“Bizim bu rejimə qəti etirazımız davam etməlidir. Ona görə də bu gün saat 7-də hamını parlamentdə gözləyirik. Etiraz aksiyası ölkəmizdəki rus rejimi bitənə qədər davam edəcək”, - deyə Samadaşvili bildirib.

Deputat Teona Akubardianın fikrincə, nə gücdən istifadə, nə də “may tətilləri” gürcü xalqını dayandıra bilməz və hökumət rus qanununu qəbul etməklə təşkil etdiyi konstitusiya çevrilişinə görə cavab verəcək.

Rus qanununa qarşı aksiya da Batumidə saat 19:00-da başlayacaq. “Martianeli” tələbə hərəkatı vətəndaşları Batumi Dövlət Universitetinin pilləkənlərinə toplaşmağa çağırır. “Tbilisidə həmvətənlərimizi bizə görə döyürlər. Bizim üçün mübarizə aparan həmvətənlərimiz Batuminin dəstəyini hiss etməli, Batumi öz layiqli sözünü deməlidir. Çox idik, daha çox olmalıydıq. Hər kəsə, dostlara, qohumlara, ailə üzvlərinə, tələbələrə, sinif yoldaşlarına, mühazirəçilərə, həmkarlara deyin və gəlin birlikdə Gürcüstanın inkişafı, Gürcüstanın Avropa gələcəyinə hə deyək”, - deyə aksiya təşkilatçılarının bəyanatında deyilir.

Mayın 1-də parlament ikinci oxunuşda rus qanununu dəstəkləyib və bu, növbəti çoxminlik etiraz aksiyasına səbəb olub. “Gürcü Arzusu”nun üzvləri binanı polis kordonu ilə tərk ediblər.

Çitadze küçəsində, qanunverici orqanın girişlərindən birinin yaxınlığında xüsusi təyinatlılar etirazçılara qarşı su şırnaqlarından, bibər qazından istifadə edib və gözyaşardıcı qaz buraxıb. Vətəndaşlara rezin güllələr də tuş gəlib, lakin Daxili İşlər Nazirliyi aksiyanı dağıtmaq üçün bu vasitədən istifadə etdiyini təkzib edir. Vətəndaşlar səhərə qədər Çitadze küçəsində qalıblar. Onlar parlamentin həyətinə giriş qapısını zibil qutuları və taxta tikinti hasarları ilə bağlayıblar. Bundan əlavə, nümayişçilər qanunvericilik orqanının binasına “Kreml şöbəsi” yazıları yazıblar.

Hakimiyyət 30 aprel aksiyasını dağıdıb. Daxili İşlər Nazirliyi iki gündə 65 nəfəri həbs edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur