De-fakto Abxaziya Ermənistanı Gürcüstanın “mifik bütövlüyü” ilə bağlı ifadələr işlətməməyə çağırıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Ararat Mirzoyan və İlya Darçiaşvili iyulun 3-dəki mətbuat konfransında

İşğal olunmuş Abxaziyanın de-fakto Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətini “Gürcüstanın mifik ərazi bütövlüyü haqqında şablon ifadələr” işlətməməyə çağırıb. Qondarma nazirlik qeyd edir ki, bu ifadələr “obyektiv reallıqla” ziddiyyət təşkil edir.

“Biz Gürcüstan və Ermənistan Respublikasının xarici işlər nazirləri İlya Darçiaşvili və Ararat Mirzoyanın bir-birinin ərazi bütövlüyü və suverenliyinə dəstək və hörmətlə bağlı bəyanatlarına diqqət yetirdik. Bununla əlaqədar bildirməyi zəruri hesab edirik ki, Abxaziya Respublikası müstəqil dövlətdir, onun suveren statusu Abxaziya Respublikasının 1994-cü il Konstitusiyası ilə nəzərdə tutulmuş və 1999-cu ildə keçirilən ümumxalq referendumunun nəticələri əsasında Abxaziya Respublikasının Dövlət Müstəqilliyi haqqında Aktla təsdiq edilmişdir.

Biz erməni tərəfini Gürcüstanın mifik ərazi bütövlüyü ilə bağlı obyektiv reallığa zidd olan şablon ifadələr işlətməməyə çağırırıq”, - de-fakto hökumət bildirir.

Qondarma Xarici İşlər Nazirliyi həmçinin, Ermənistanın bu il ilk dəfə olaraq BMT Baş Assambleyasında Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş regionlarında güc yolu ilə həyata keçirilən demoqrafik dəyişiklikləri pisləyən, qaçqınların etnik mənsubiyyətindən asılı olmayaraq öz evlərinə qayıtmalarının və mülkiyyət hüquqlarının qorunmasının zəruriliyini təsdiq edən qətnaməni dəstəkləməsinə də münasibət bildirib. De-fakto hakimiyyətin fikrincə, Ermənistanın mövqeyində “ciddi dəyişiklik” narahatlıq doğurur.

“Respublikamızın müstəqilliyinin bərqərar olması və möhkəmləndirilməsi prosesində Abxaziyadaki erməni diasporunun mühüm yer tutmasına baxmayaraq, Ermənistan nümayəndələri ilk dəfə bu qətnaməni dəstəkləməsi narahatlıq doğurur.

Ümid edirik ki, yaxın gələcəkdə Ermənistan rəhbərliyi mövcud vəziyyətdən düzgün nəticə çıxaracaq və bu məsələ ilə bağlı mövqeyində dəyişiklik edəcək”, - işğal olunmuş Abxaziyanın de-fakto Xarici İşlər Nazirliyi bildirir və Gürcüstan hakimiyyətinə müraciət edərək, ondan mövcud siyasi reallıqla razılaşmasını istəyir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 3-də Gürcüstana rəsmi səfər edib. Gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşdən sonra keçirilən mətbuat konfransında Mirzoyan bəyan edib ki, Ermənistan və Gürcüstan bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və hörmət etdiyini ən yüksək səviyyədə təsdiqləyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur