“Eyni ekstremistlər 2021-ci ildə də zorakılıq təşkil etdilər” - ABŞ səfiri Prayd festivalının pozulması barədə

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan iyulun 8-də, Lisi gölünün yaxınlığında zorakı qruplar tərəfindən “Prayd Festivalı”nın pozulmasını şərh edib. Onun sözlərinə görə, tədbirdən bir gün öncə Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri aksiya iştirakçılarının polis sıralarını yarmağa imkan verilməyəcəyinə və onların təhlükəsiz məsafədə qalacaqlarına söz veriblər, lakin bu, baş tutmayıb. 

“Nifrət dolu insanların dinc, özəl bir tədbiri pozmaq üçün zorakılıqdan istifadə etdiyini görmək çox təəssüfverici idi, xüsusən də onlar Tanrının adı ilə hərəkət etdiklərini iddia etdikdə. İndi insanlar çox şeydə fikir ayrılığına düşə bilər, lakin məncə, xristian dəyərlərinin ilk növbədə mərhəmət, sevgi, tolerantlıq və hörmət olduğu və bütün insanların Tanrının surətində yaradıldığı ilə hamımız razılaşa bilərik.

Keçən ilki tədbirlərdə gördük ki, polis vətəndaşları necə qorumalı, etirazçılara necə nəzarət etməli olduğunu bilir. Ötən şənbə günü keçirilən tədbir ərəfəsində Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri məni əmin etdilər ki, etirazçılara çöldəki polis kordonunu yarmağa icazə verilməyəcək və onlar konsert iştirakçılarından təhlükəsiz məsafədə qalacaqlar. Bu belə olmadı. Biz bunu görmədik.

Faktiki olaraq, itaətsiz dəstələrə zorakılıq çağırışı ilə Tbilis küçələri boyunca bir neçə kilometr yürüş etməyə icazə verildi. Onlara nəinki polisin perimetrini pozmağa, həm də polisin reaksiyası olmadan əraziyə daxil olub vandalcasına oranı dağıtmağa, əmlakı qarət edib, məhv etməyə icazə verildi”, - Kelli Deqnan bildirib.

Amerika səfirinin sözlərinə görə, göründüyü kimi Tbilisi küçələrində vətəndaşlara qarşı silsilə hücumlar koordinasiyalı şəkildə həyata keçirilir.

“Şənbə günü gördüyümüz bu ekstremistlər 2021-ci ildə də zorakılıq törədən ekstremistlər idi. Onlar öz “Facebook” səhifələrində videoya çəkilərək zorakılığa çağırışlar edir, çənələri sındıracaqlarını və qan tökəcəklərini deyirlər. Onlar Tbilis küçələrində gəzir və insanları zorakılıqla hədələyir və qürurla deyirlər ki, zorakılığı dəstəkləyirlər.

“Düşünürəm ki, videoda olan bu insanlar həbs edilərək cəzalandırıldıqda Tbilisidə hər kəs özünü daha təhlükəsiz hiss edəcək”, - Kelli Deqnan bildirib.

“Prayd Festivalı” LGBTQ+ icması tərəfindən təşkil edilən qapalı tədbirdir və iyulun 8-də, “Tbilisi Prayd” həftəsinin sonuncu günü keçirilməli idi. Radikal qruplar yalan məlumat yayırdılar ki, guya eyni adlı “gey-parad”ın keçirilməsi planlanmışdı və bu yolla vətəndaşları, o cümlədən regionlardan olan kəsləri səfərbər etməyə çalışırdılar. Rusiyayönümlü, zorakı və homofob partiya – “Mühafizəkarlar Hərəkatı/Alt-İnfo”nun lideri Konstantine Morqoşia hədələr səsləndirib ki, “8 iyul 5 iyulda qoyulan tabuta vurulacaq sonuncu mismar olacaq”.

“Prayd Festivalı”nın təşkilatçıları hesab edirlər ki, tədbirə hücum və onun pozulması Daxili İşlər Nazirliyi ilə zorakı qruplar arasında kordinasiyalı şəkildə baş tutub.

“Tbilisi Prayd” üç il əvvəl baş verən zorakılıqlardan sonra ictimai tədbirlər keçirməkdən imtina edib. 5 iyul 2021-ci il tarixində Patriarxlığın, “Alt-İnfo”nun və müxtəlif homofob qrupların çağırışı ilə “Ləyaqət Marşı”na qarşı aksiya keçirilib. Onlar aksiya zamanı paytaxtın mərkəzində, qrup halında jurnalistlərə hücum edib, onları döyüb, avadanlıqlarını sındırıblar. 53 jurnalist, operator və fotoqraf zorakılığın qurbanı olub. Onlardan bir neçəsi ağır yaralanıb və onlara tibbi yardım gərəkib. Onların arasında “Utanc” hərəkatının ofisində homofob qrup tərəfindən döyülən, “Pirveli” teleşirkətinin operatoru, 36 yaşlı Aleksandre Laşkarava da olub. Laşkarava xəstəxanadan buraxıldıqdan sonra iyulun 11-də dünyasını dəyişib. 5 iyul hadisələrinin təşkilatçıları bu günə kimi cəzalandırılmayıb.

Bu mövzu haqqında daha ətraflı oxuyun: Polis qüvvələrinin “Prayd”ı qorumaq üçün saxta səfərbərliyi və dəstəklənmiş faşizm 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur