Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi iyunun 2-də Tbilisidə parlament binası qarşısında keçirilən dinc etiraz aksiyası zamanı həbs olunan şəxslərin işini diqqətlə izlədiyini açıqlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Diplomatik agentliyin yaydığı bəyanatda bildirilir ki, dinc toplaşmaq hüququ və ifadə azadlığı əsas insan hüquqlarıdır və demokratiyanın əsasıdır.
“Fərqli fikirə qarşı tolerantlığın olmaması Gürcüstan əhalisinin əksəriyyətinin qoşulmaq istədiyi Avro-Atlantik xalqlar ailəsinin dəyərləri ilə uyğunluq təşkil etmir”, - ABŞ səfirliyi bildirib.
İyunun 2-də parlament binası yaxınlığında polis qeyri-hökumət təşkilatı “Gürcüstanın Demokratik Təşəbbüsü”nün sədri, Eduard Marikaşvili ,“Açıq Cəmiyyət Fondu”nun əməkdaşı, Xalq Müdafiəçisinin keçmiş nümayəndəsi Saba Braçveli və sabiq prezident Mixeil Saakaşvilinin vəkillərindən biri Şota Tutberidze də daxil olmaqla, on nəfərə yaxın şəxsi inzibati qaydada saxlayıb. Saxlanılanların bəzilərinin əllərində “İrağli” yazısı olan plakatlar, bəzilərinin əllərində isə boş vərəqlər olub.
Gecə boyu saxlanılanların harada olduğu bilinməyib. Vəkillərin sözlərinə görə, onlar heç bir izahat verilmədən gizli şəkildə başqa şəhərlərə aparılıb və onlara baş çəkilməsinə yalnız sübh vaxtı icazə verilib ki, bu da müdafiə hüququnun kobud şəkildə pozulması deməkdir. Daxili İşlər Nazirliyi 24 saatlıq həbs müddətini 48 saata qədər artırıb.
Şota Tutberidze iyunun 2-də axşam saatlarında ilk saxlanılanlardan biri olub. Videogörüntülərdə onun pilləkəndə oturduğu və ayağının altında “İrağli” yazılmış plakat olduğu görünür ki, bu an on nəfərə yaxın polis ona yaxınlaşır. Plakatı Tutberidzenin əlindən almaq cəhdindən sonra onu olduğu yerdən götürüb patrul polisi maşınına mindiriblər. Şota Tutberidze sonradan qəbz əsasında buraxılıb. Onun sözlərinə görə, polisin tərtib etdiyi inzibati xəta haqqında protokolda onun polisə müqavimət göstərdiyi və onu şifahi təhqir etdiyi yazılır ki, bu da yalandır. Tutberidze və daha iki fəalın həbsindən sonra insan haqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının nümayəndələri parlament qarşısına toplaşıb. Onların arasında boş kağıza görə polis tərəfindən saxlanılmış Eduard Marikaşvili də var.
“İnadkarlar” hərəkatının təşkilatçılığı ilə Parlament binası qarşısında hər axşam kiçik miqyaslı dinc nümayişlər keçirilir. Son günlər vətəndaşlar Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda səsləndirdiyi bəyanata etiraz ediblər. Baş nazir Rusiyanın Ukraynaya müdaxiləsinin səbəblərindən biri kimi NATO-nun genişlənməsini göstərib.
İyunun 1-də polislər aksiya iştirakçılarının üzərində İrakli Ğaribaşvilinin şəkillərinin çap olunduğu və “Bir sözlə təsvir et” sözləri yazılmış plakatlarını əllərindən alıb və cırıblar. Bununla bağlı Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani bildirib ki, dinc toplantı iştirakçılarının etiraz plakatlarının əllərindən alınması hüquq-mühafizə orqanları əməkdaşlarının ifadə hüququnun tam həyata keçirilməsinə, o cümlədən müxtəlif ifadə vasitələrindən istifadə edilməsinə yardım etmək öhdəliyinə uyğun gəlmir.
Elə həmin gün axşam saatlarında mart ayında “Agentlər haqqında” rus qanuna qarşı keçirilən etiraz aksiyalarının həbs edilmiş iştirakçısı, 21 yaşlı Lazare Qriqoriadisin atası Beka Qriqoriadisi də həbs olunub. O parlament binası arxasında oğlunun azad edilməsini tələb ilə “bir nəfərlik aksiya” keçirirmiş. Polis ona çadırını qurmasına icazə verməyib və itaətsizlik ittihamı ilə inzibati qaydada həbs edib. Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Enukidze Qriqoriadisini qanunu pozan şəxs kimi tanıyıb və onu 2000 lari məbləğində cərimələyib.