“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, Avropa Komissiyası 12 bəndlik tövsiyədən de-oliqarxizasiya qeydini çıxarsa, parlament çoxluğu “de-oliqarxizasiya haqqında” qanunu həyata keçirməyəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu qanunu qəbul etmək bizim fikrimiz deyildi. Bildirmək istəyirəm ki, bu, Avropa Komissiyasının ideyası idi. Bu, 12 bəndin tərkib hissəsidir. Əgər Avropa Komissiyası Venesiya Komissiyasının fərdiləşdirilmiş qanunun lazım olmadığına dair yanaşması ilə razılaşar və o, 12 bənddən de-oliqarxizasiya haqqında qeydi çıxararsa, o zaman biz bu qanunu daha həyata keçirməyəcəyik. Bizim mövqeyimiz çox sadədir. Venesiya Komissiyası bir şey deyir, Avropa Komissiyası isə başqa şey. Əgər Avropa Komissiyası Venesiya Komissiyası ilə razılaşarsa, bu halda biz artıq bu qanunu tətbiq etməyəcəyik və fevralda, məhz özümüzün qəbul etdiyimiz qanun ləğv olunacaq”, - Kobaxidze bildirib.
Dünən, iyunun 13-də Parlament 2 əleyhinə 81 lehinə səslə “De-oliqarxizasiya haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. Hakim partiya Venesiya Komissiyasının bir gün əvvəl dərc etdiyi nəticəyə məhəl qoymayıb. Orada, belə bir qanunun oliqarxizasiya probleminə nə demokratik, nə də effektiv cavab olduğu deyilir. Komissiyanın qiymətləndirməsinə görə, qanunun müddəalarının mümkün özbaşına tətbiqi qanunun aliliyini və siyasi plüralizmi ciddi şəkildə təhdid edə bilər və “oliqarxik” təsirlərin aşılmasına daha az təsir göstərə bilər.
“Fərdiləşdirilmiş de-oliqarxizasiya qanunu, qiymətləndirildiyi kimi, hakimiyyətdə olanların əlində siyasi opponentləri sıxışdırmaq üçün təhlükəli alətə çevrilməsi riskləri yaradır... Venesiya Komissiyası “sistemli” yanaşmanı tövsiyə edir”, - Venesiya Komissiyası öz rəyində yazır və parlamenti qanun layihəsini qəbul etməməyə çağırır.
Bunun fonunda İrakli Kobaxidze qanun layihəsini üçüncü və son səsvermədə də dəstəkləyəcəklərini deyir.
Qanunun qüvvəyə minmə tarixi kimi 2024-cü il martın 1-i göstərilib. Parlamentin spikeri Şalva Papuaşvilinin qeyd etdiyi kimi, Avropa Komissiyasının öz fikrini bildirməsi üçün hələ vaxt var - “Əgər Avropa Komissiyası Venesiya Komissiyasının rəyinə əməl edərsə və tövsiyədən şəxsi yanaşmanı çıxararsa, təbii ki, de- oliqarxizasiya bəndinə, qanuna ehtiyac olmayacaq”.
Avropa Komissiyasının de-oliqarxizasiya ilə bağlı tövsiyələrində nə yazılıb
Deoliqarxizasiya Avropa Komissiyasının müəyyən etdiyi, Gürcüstan hökumətinin ölkənin Aİ üzvlüyünə namizəd ölkə statusu alması üçün yerinə yetirməli olduğu 12 şərt arasında beşincidir.
“İqtisadi, siyasi və ictimai həyatda şəxsi maraqların həddindən artıq təsirinin aradan qaldırılması ilə əldə edilməli olan de-oliqarxizasiya şərtinə sadiqlik”, - Avropa Komissiyasının tövsiyələrində yazılıb.
Avropa Komissiyası de-oliqarxizasiyanın qanunvericilik tənzimləməsinin, yəni “de-oliqarxizasiya haqqında” qanunun qəbulunu tələb etməyib. Müvafiq olaraq, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin de-oliqarxizasiya haqqında qanunun qəbulunun Avropa Komissiyasının ideyası olması ilə bağlı bəyanatı həqiqətə uyğun deyil.
“Gürcü Arzusu”nun liderləri oliqarxlar kimi Gürcüstanın eks-prezidenti, həbsdə olan Mixeil Saakaşvili və onun anası Qiuli Alasaniya, “TBC Bank” və “Lelo” partiyasının təsisçisi Mamuka Xazaradzenin və keçmiş müdafiə naziri, “Formula” televiziya şirkətinin sahibi Davit Kezeraşvilinin adlarını çəkirlər. Hakim partiya iddia edir ki, “de-oliqarxizasiya haqqında” qanun Bidzina İvanişviliyə deyil, onlara təsir edəcək. Avropa Parlamentinin 2022-ci il iyunun 9-da qəbul etdiyi qətnamədə keçmiş baş nazir və “Gürcü Arzusu”nun təsisçisi Bidzina İvanişvili Gürcüstanın “yeganə oliqarxı” kimi təqdim olunur. Ötən il Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Avropa Komissiyasının sədri Ursula fon der Leyeni qətnamənin bu qeydini ayırmağa çağırmışdı.