Gürcüstan Prokurorluğu Adeişvilinin həbsi üçün Belçika və Almaniyaya müraciət edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan Prokurorluğu ictimai olaraq yayılan məlumatlar əsasında Zurab Adeişvilinin həbsi və Gürcüstana ekstradisiyası üçün Almaniya və Belçikaya müraciət edib.

“Gürcüstan Prokurorluğu öz səlahiyyətləri daxilində Gürcüstanda cinayət törətmiş şəxslərin harada olmasından asılı olmayaraq, Gürcüstan məhkəməsinə təhvil verilməsi üçün qanunla nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirir”, - deyə Prokurorluq bəyan edib.

Gürcüstanın keçmiş ədliyyə naziri və keçmiş baş prokuroru Zurab Adeişvili hazırda Ukrayna vətəndaşıdır və həmin ölkənin baş prokurorunun müşaviridir. Son bir ay ərzində o, Ukrayna nümayəndə heyətinin tərkibində Brüssel və Berlində olub. Adeişvili Ukraynanın baş prokuroru Andriy Kostin ilə birlikdə Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun baş direktoru Qert Yan Kopman ilə görüşüb, həmçinin Almaniya Bundestaqında keçirilən rəsmi görüşlərdə iştirak edib.

Zurab Adeişvili ilə görüşlərlə əlaqədar Avropa İttifaqının səfiri Pavel Herçinski və Almaniya səfiri Peter Fişer Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Bundan əvvəl Avropa İttifaqı nümayəndəliyi izah edib ki, Avropa Komissiyasında keçirilən iclası “fərqli şəkildə təqdim etmək” Avropa İttifaqına qarşı yönəlmiş dezinformasiyadır.

Martın 11-də Gürcüstan hökuməti bəyanat yayıb və Zurab Adeişvilinin Ukrayna baş prokurorunun müşaviri, Gürcüstanın daxili işlər nazirinin keçmiş müavini Qiorqi Lortkipanidzenin isə əks-kəşfiyyat xidmətinin rəhbəri olmasından duyduğu narahatlığını bildirib. 

“Sözügedənşəxslər bir çox insanın həyatını, sağlamlığını və rifahını məhv edən Gürcüstanın əvvəlki hökumətinin avtoritar rejiminə rəhbərlik edirdilər.Zurab Adeişvili şərab zavodunun qanunsuz müsadirə edilməsi, “İberiya” teleşirkətinin ələ keçirilməsi, Koba Davitaşvilinin qaçırılması və ona qarşı amansız zorakılıq, məhbuslara işgəncə verilməsi və “Kartu Bank”ın müflis olması işlərində təqsirli bilinir. “İmedi” teleşirkətinə basqın və adam oğurluğu, 7 noyabr 2007-ci il zorakılığı və Buta Robakidzenin qətli cinayətinin ört-basdır edilməsi işlərində isə ittiham olunur. Qiorqi Lortkipanidze 2011-ci il mayın 26-da baş vermiş zorakılıqda və Mixeil Saakaşviliyə  sərhədi qanunsuz keçməkdə yardım işlərində ittiham olunur”, - Hökumət Administrasiyasının yaydığı bəyanatda deyilir.

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyin bəyanatına əsasən, Qert Yan Kopman və Ukrayna nümayəndə heyəti arasında keçirilən bu görüşü başqa cür təqdim etmək Avropa İttifaqına qarşı yönəlmiş dezinformasiyadır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur