Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında BBC-nin qlobal fırıldaqçılıq şəbəkəsinin fəaliyyəti və Gürcüstanın keçmiş müdafiə naziri, “Formula” teleşirkətinin təsisçisi, Davit Kezeraşvili ilə əlaqələri ilə bağlı jurnalist araşdırması haqqında rəy bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ğaribaşvilinin sözlərinə görə, gürcü tərəfi Almaniya İstintaq Xidməti ilə “çox intensiv” əməkdaşlıq edib və onlar beynəlxalq fırıldaqçılıq sxeminin araşdırılmasına mühüm töhfə veriblər.
“Həqiqət üzə çıxdı. Məlum oldu ki, vətəndaşımız, təəssüf ki, keçmiş müdafiə naziri cənab Kezeraşvilinin adı artıq beynəlxalq səviyyəli fırıldaqçı kimi hallanır, bu, təbii ki, fəlakətlidir və daha da narahat edici odur ki, adı çəkilən şəxs, bildiyiniz kimi, əvvəllər ordunu qarət edən, sonrasında biznesə terror etməklə məşğul idi, indi onun şirkəti bütün Avropada görünməmiş bir saxtakarlıq sxemi hazırlayıb və pensiyaçıları soyub. Bir milyard dollar dəyərində ziyan vurulub”, - deyə baş nazir qeyd edib.
İrakli Ğaribaşvili Gürcüstanın avropalı dostlarına və tərəfdaşlarına müraciət edərək bildirib ki, onlar gürcü “radikal, ekstremist müxalifəti”nin nümayəndələri ilə görüşəndə “vətəndaşlarını soyan tərəfindən maliyyələşdirilən partiyanın nümayəndələri” ilə görüşürlər.
“Bu, əlbəttə ki, biabırçı faktdır, amma təbii ki, həqiqətin üzə çıxmasına sevinirəm. Xatırlayırsınız, keçən il əksinə, bu işdə dövlət məmurlarının əli olduğu iddia edilirdi və indi Britaniyanın ictimai yayımı olan BBC nəhayət bunu üzə çıxarıb və artıq bütün ictimaiyyət bu barədə məlumatlandırılıb.
Odur ki, müxalifətimiz gündəlik olaraq destruktiv fəaliyyətlə məşğul olmaqdansa, indi həm bizim ictimaiyyətdən, həm də Avropa ictimaiyyətindən hər gün üzr istəməli, bütün müxalifət spektrinin, demək olar ki, bütün müxalifət partiyalarının, onların televiziyalarının niyə talanmış pullarla, avropalı təqaüdçülərin oğurlanmış pulları ilə maliyələşdiyi ilə bağlı izahat verməlidirlər”, - Ğaribaşvili bildirib.
O, Gürcüstanın istintaq xidmətlərinə “çox intensiv işinə” görə təşəkkür edib və bu saxtakarlıq sxemində iştirak edən bütün cinayətkarların məsuliyyətə cəlb ediləcəyinə ümid etdiyini bildirib.
Britaniyanın BBC Yayım Korporasiyası tərəfindən hazırlanan jurnalist araşdırmasına görə, Davit Kezeraşvilinin adi insanların, o cümlədən Britaniya vətəndaşlarının milyard dollardan çox pulunu talayan Milton Qrupu ilə əlaqəsi var. Kezeraşvilinin özü isə, ona qarşı ittihamların böhtan olduğunu və istintaq materialında bir sıra faktların bilərəkdən təhrif olunduğunu deyir. Bu gün, aprelin 18-də o, “Formula”nın nəzarət paketindən imtina etdiyini və payının, 51%-in yarısını teleşirkətin kollektivinə ötürəcəyini açıqlayıb. Kezeraşvilinin sözlərinə görə, bu qərar “Formula”nın redaksiya müstəqilliyi məsələsini daha da yüksəldir. Davit Kezeraşvili BBC materialında irəli sürülən ittihamların ədalətsizliyini məhkəmə yolu ilə sübut etməyə hazırlaşır. Eyni zamanda, o, Avropanın istənilən istintaq orqanına “Gürcüstanda eyni adlı çağrı mərkəzləri habının himayəsi altında faktiki iştirak edən yüksək rütbəli məmurlar haqqında” onda mövcud olan məlumatları təqdim etməyə hazır olduğunu bildirir.