Hakim Çxikvadzeyə qoyulan sanksiyanın götürülüb-götürülməməsi ilə bağlı ABŞ səfirliyindən izahat gözləyirəm - Papuaşvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ səfirliyindən hakim Laşa Çxikvadze ilə bağlı izahat istəyir. Papuaşvili “Mtavari Arxi” teleşirkətinin keçmiş baş direktoru Nika Qvaramiyanın onun iddiasının Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilməməsi ilə bağlı yaydığı məlumatı şərh edib.

Papuaşvilinin sözlərinə görə, Strasburq məhkəməsinin qərarı Nika Qvaramianın cinayətkar olduğunu təsdiqləyib.

“Səfirlikdə kiminsə bu qərarı bəyənmədiyinə və kiminsə Nika Qvaramiyaya rəğbət bəslədiyinə görə, bu hakimə sanksiya qoyuldu, müəyyən proqramlardan uzaqlaşdırıldı, ona və ailəsinə media və qeyri-hökumət təşkilatları tərəfindən hücumlar edildi. Kimsə ondan həmin günlərdəki emosional vəziyyətini soruşdumu? Bu cür alətə çevrilmə halları zamanı kimsə insanlara, onların hisslərinə əhəmiyyət verirmi? Amerika səfirliyindən izahat gözləyirəm ki, Laşa Çxikvadzeyə qarşı sanksiya götürülüb, ya yox? Bu sanksiyalar ona qarşı ədalətsiz olmaqda davam etməlidirmi? İkincisi, ABŞ-ın keçmiş səfiri Gürcüstanın ədliyyə sisteminə hücum edərək hansısa siyasi motivlərdən danışarkən reaksiyasının əsası nə olub”, - Papuaşvili bildirib.

Parlament sədri Avropa İttifaqının təmsilçiliyini də tənqid edib. Onun sözlərinə görə, Avropa İttifaqının Gürcüstandakı keçmiş səfiri Karl Hartzel Nika Qvaramiyanın işi üzrə hökmün siyasi motivli olduğunu deyərkən “yanılıb və ya yalan danışıb”.

“Dünən Avropa İttifaqının mövcud səfirindən keçmiş səfirin açıqlamasının ictimaiyyəti çaşdırdığını, konkret hakimlərə qarşı ədalətsiz olduğunu, faktlara əsaslanmadığını və gürcü ədalətini gözdən saldığını eşitmək əvəzinə eşidirik ki, sən demə, gürcü hakimlərin dürüstlüyünü yoxlamağa ehtiyac var”, - Papuaşvili qeyd edib.

Bu günlərdə məlum olub ki, Nika Qvaramiyanın iddiası Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilməyib. İddia Qvaramiyanın “Rustavi 2”yə ​​rəhbərlik etdiyi dövrdə səlahiyyətlərindən sui-istifadə etməsi işi üzrə Gürcüstan məhkəmələrinin təqsirli hökmü ilə bağlı olub.

Tbilisi Şəhər Məhkəməsinin hakimi 2022-ci ilin mayın 16-da Qvaramiyanı təqsirli bilib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edən  Laşa Çxikvadze də Avropa Məhkəməsinin qərarını şərh edib. Çxikvadzenin sözlərinə görə, o, kiminsə üzr istəyəcəyini gözləmir:

“Strasburq Məhkəməsinin son illərdəki qərarları təsdiq edir ki, gürcü hakimlərinin qərarları Strasburq Məhkəməsinin presedent qərarlarına uyğundur, qanunidir və Avropa İnsan Haqları Konvensiyasının müddəalarına tam uyğundur. Mənə görə bu həm də o deməkdir ki, hakimlər müstəqil, heç bir müdaxilə olmadan qərarlarını verirlər. Məhkəmə sistemi mütəmadi olaraq təhqir, şantaj, hakimləri şeytanlaşdırma və ya bəzi əsassız korrupsiya ittihamlarının hədəfi olur. Hər kəsdən xahişim var ki, məhkəmə qərarlarına əməl etməyi öyrənək”.

Apellyasiya və Ali Məhkəmə də hakim Çxikvadzenin təqsirli hökmünü qüvvədə saxlayıb. Nika Qvaramiya 2023-cü ilin iyununda bir illik həbsdən sonra prezident tərəfindən əfv edilib. 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur