Beynəlxalq Mətbuat İnstitutu (IPI) azərbaycanlı jurnalist, "Azel.tv"nin baş redaktoru Əfqan Sadıqovun ekstradisiya həbsindən dərhal azad edilməsini tələb edir. "IPI" Gürcüstan hökumətini, Gürcüstan Daxili İşlər Nazirliyini Sadıqovu Azərbaycana verməməyə və onun Gürcüstanı tərk etməsinə imkan yaradılmasına çağırır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kriminal polis əməkdaşları Sadıqovu avqustun 3-də Tbilisidə, küçədə, həyat yoldaşı və uşaqlarının iştirakı ilə saxlayıb, avqustun 4-də isə hakim onun barəsində 3 aylıq ekstradisiya həbsi qərarı verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Əfqan Sadıqov Azərbaycanda hədə-qorxu ilə pul tələb etdiyinə görə axtarışa verilib. O, ekstradisiya ilə bağlı yekun qərara qədər həbsxanada qalacaq.
“Məhkəmədə prokurorluq həmin şəxsin istintaq orqanlarına gəlib məlumat verməkdən yayınmasına əsaslanıb. Lakin işin heç bir yerində onun çağırış vərəqəsi alması və ya gəlməməsi halı yoxdur. Azərbaycanda Əfqan Sadıqova qarşı iş başlanıb ki, onun bu barədə məlumatı yoxdur.
Ekstradisiya edilərsə, onun işgəncəyə və ya qeyri-insani rəftara məruz qalması, ya da həyatı və sağlamlığının ciddi təhlükə altına düşməsi riski yüksəkdir”, - Bu barədə vəkil Dimitri Nozadze bildirib. Onun məlumatına görə, jurnalist Gürcüstandan sığınacaq istəyir.
Sevinç Sadıqova hesab edir ki, əri Azərbaycan hakimiyyətini tənqid etdiyinə görə təqib olunur və Azərbaycan prezidenti İlham Əliyevin əmri ilə saxlanılıb.
Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Nona Kurdovanidzenin fikrincə, jurnalistin Azərbaycana təhvil verilməsi çox ciddi insan hüquqlarının pozulması olacaq və yeganə düzgün qərar ekstradisiyadan imtina etməkdir.
“Əgər şəxs öz ölkəsində görüşlərinə və fəaliyyətinə görə təqib olunursa, həbsxanada pis rəftarla, işgəncə ilə üzləşirsə və öz ölkəsində ədalətli məhkəmə araşdırması hüququndan istifadə edə bilmirsə, kimliyindən asılı olmayaraq, onun ekstradisiyasının həyata keçirilməsi yolverilməzdir. Gürcüstanın beynəlxalq müqavilələrə əsasən belə bir vaxtda ekstradisiyanı etməmək öhdəliyi var.
Ona görə də bu halda Gürcüstanın beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə sadiq qalıb-qalmaması bir daha görünəcək”, - Kurdovanidze bildirib.
Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstanda yaşayır. Təxminən iki həftə əvvəl o, həyat yoldaşı və iki azyaşlı qızı ilə Türkiyəyə getməyə cəhd edib. Lakin Gürcüstan sərhədçiləri onun Tbilisi Beynəlxalq Hava Limanında sərhədi keçməsinə icazə verməyiblər. Həmin vaxt Sadıqovu saxlamadılar – dedilər ki, o yalnız Azərbaycana qayıda bilər.
Azərbaycan hakimiyyəti Əfqan Sadıqovu sonuncu dəfə 2020-ci ilin mayında hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə həbs edib. Həmin ilin noyabrında o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Sadıqov ittihamı rədd edib və etiraz əlaməti olaraq həbsxanada aclıq aksiyası elan edib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. 2022-ci ilin may ayının sonunda Sadıqov prezident İlham Əliyev tərəfindən əfv edilib.