Gürcüstan Futbol Federasiyası milli komandanın bəyanatını yayıb. Orada deyilir ki, komanda üzvləri Avropa Çempionatının qrup mərhələsində uğurlu iştirakları və 1/8 finala yüksəldikləri üçün Bidzina İvanişvili və “Kartu” Fondu tərəfindən ayrılmış 30 milyon larini artıq alıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kapitan Quram Kaşia milli komanda adından Bidzina İvanişviliyə və “Kartu”ya dəstəyə görə təşəkkür edir.
“Komanda adından Bidzina İvanişviliyə və Kartu Fonduna əməyimizi qiymətləndirdiyinə və futbolu dəstəklədiyinə görə təşəkkür etmək istərdim. Bu, ölkəmiz üçün və sevimli idman növümüzün daha da inkişafı üçün çox vacibdir.
Keçən aylarda göstərdikləri dəstəyə görə hər kəsə, hər bir azarkeşə təşəkkür etmək istəyirəm. İyulun 2-də, axşam saatlarında Tbilisi küçələrində baş verənlər komandamızın hər bir üzvünə böyük xoşbəxtlik və enerji gətirdi. Avropa Çempionatında oynamaq və 16 ən yaxşı komanda arasında olmaq adlanan bu tarixi nəticəni məhz sizin dəstəyiniz və birliyinizlə əldə etdik. Bu birlik və komanda işi ilə yolumuza davam etməli, yeni uğurlar üçün çalışmalıyıq”, - deyə bəyanatda vurğulanıb.
Hakimiyyətyönümlü mətbuat millinin qapıçısının şərhini də dərc edib. Qiorqi Mamardaşvili bildirib ki, hər bir oyunçu kimi o da “çox minnətdardır”.
“Yaxşı olardı ki, daha çox şirkət meydana çıxıb futbola sərmayə qoysun, çünki bu, çox vacibdir. Bu, futbolun insanlar üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərdi. Həm mən, həm də bütün komanda minnətdarıq”, - deyə Mamardaşvili bildirib.
Futbolçu Otar Kiteişvili “İmedi” teleşirkətinin “İmedi Live” verilişinə qatılarkən, ona Bidzina İvanişvilinin “görünməmiş mükafat”ı, “belə dəstək və dəyər vermənin” nə qədər önəmli olduğu barədə sual veriblər.
“Bu, çox gözəl və diqqətəlayiq faktdır. Biz futbolçular bütün bunlara görə əlbəttə ki, çox minnətdarıq.
Belə bir təşəbbüs, şübhəsiz ki, yüksək qiymətləndirilir, çünki bütün bunlar, hətta futbolun təşviqi belə, mütləq futbol üçün faydalı olacaq müsbət dəyişikliklərə gətirib çıxarır və məbləğ nə qədər çox olarsa, bir o qədər çox insan, insan qrupu və ya təşkilatlar meydana çıxacaq, “Kartu” Fondunun, Cənab Bidzina İvanişvilinin göstərdiyi kimi, daha çox təşəbbüs göstərəcək və bu da, əlbəttə ki, gürcü futboluna kömək edəcək və onu daha da inkişaf etdirəcək. Biz gördük ki, gürcü futbolu gürcü xalqı üçün nələr edə bilər, hansı emosiyaya səbəb ola bilər. Bu, təkrar-təkrar ehtiyacımız olan şeydir. Biz dayanmamalıyıq və diqqətimiz məhz buna yönəlib ki, hamımız birlikdə işləməyə davam edək ki, gürcü futbolu daha çox inkişaf etsin və bu həftələr ərzində yaşadığımız xoşbəxtliyi daha tez-tez yaşayaq”, - Kiteişvili bildirib.
Gürcüstan millisi 2024-cü il Avropa çempionatına vəsiqə qazandıqdan sonra “Gürcü Arzusu”nun fəxri sədri, milyarder Bidzina İvanişvilinin “Kartu” Fondu qrupdan çıxacağı təqdirdə milli komandaya 30 milyon verəcəyini açıqlayıb. İvanişvili millini hər növbəti matçda qalib gəldiyinə görə eyni məbləğdə mükafatlandıracağını da vəd edib.
Avropa Çempionatında ilk dəfə iştirak edən Gürcüstan millisi F qrupunda üç oyun keçirərək 1/8 finala yüksəlib. İyunun 18-də Gürcüstan Türkiyəyə 3:1 hesabı ilə məğlub olub, iyunun 22-də Çexiya ilə 1:1 edib və iyunun 26-da Portuqaliyaya 2:0 hesabı ilə qalib gəlib. İyunun 30-da millimiz 1/8 finalda İspaniya ilə qarşılaşıb. Oyun İspaniyanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Gürcüstan Avro-2024-də vida edib.