Kobaxidze  ABŞ-a səfər etməkdən rus qanununa görə imtina edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarının səfiri Robin Daniqanın bəyanatına münasibət bildirib və baş nazir İrakli Kobaxidzenin strateji tərəfdaşlıq məsələlərinin müzakirə edilməli olduğu ABŞ-a səfərdən niyə imtina etdiyini izah edib.

“Baş nazir ABŞ-a səfərdən əvvəl Gürcüstan parlamentinin “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə baxılmasını müvəqqəti dayandırması şərti ilə dəvət olunub. Səfərin qeyd-şərtlə həyata keçirilməsi qarşılıqlı hörmət və qarşılıqlı etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bununla bağlı ABŞ səfirinə ətraflı izahat verilib”, - Xarici İşlər Nazirliyindən bildirilib.

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin “Kremldən ilhamlanmış” adlandırdığı “Gürcü Arzusu”nun təşəbbüsü ilə yenidən  irəli sürülmüş qanundan narahatdır və hesab edir ki, bu, ABŞ-Gürcüstan münasibətlərinə xələl gətirəcək və Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmaq istəklərinə təsir edəcək.

Səfir Daniqan mayın 2-də bildirib ki, bu yaxınlarda Gürcüstanın yüksək rütbəli hökumət rəsmiləri ABŞ-ın yüksək rütbəli rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ yardımı ilə bağlı istənilən sualı müzakirə etmək üçün dəvət olunublar, lakin Gürcüstan tərəfi dəvəti rədd edib.

Mayın 1-də parlament aprelin 3-də irə sürülmüş rus qanununu ikinci oxunuşda artıq qəbul edib. Səsverməyə iki gün qalmış “Gürcü Arzusu” parlament binası qarşısında qanuna dəstək aksiyası təşkil edib, partiyanın lideri Bidzina İvanişvili anti-Qərb mesajları ilə çıxış edib. O, qeyri-hökumət təşkilatlarına hücum edib, onları xaricdən maliyyələşən “agentliklər” adlandırıb.

Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir.

On minlərlə insanın iştirak etdiyi etiraz aksiyalarına və beynəlxalq tərəfdaşların rus qanununu geri götürmək çağırışına baxmayaraq, “Gürcü Arzusu” qanunu qəbul etməyə hazırlaşır.

 

Bu mövzu haqqında:

Şavqulidze: Bu qanun bizi Rusiyanın qarşısında tək qoyacaq, sivil dünyadan uzaqlaşdıracaq

 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur