Parlament yaxınlığında nümayişçilərə qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Foto: Euronews Georgia

Minlərlə vətəndaşın “xarici agentlər” haqqında qanun layihələrinin qəbuluna etiraz etdiyi parlamentin yaxınlığında xüsusi təyinatlılar nümayişçilərə qarşı su şırnaqlarından, bibər qazı və gözyaşardıcı qazdan istifadə ediblər. Yaralılar var. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aksiya iştirakçıları polisin göstərişlərinə tabe olmayaraq zorakılıq hərəkətlərini davam etdiriblər, bundan sonra polis qanunla onlara verilmiş səlahiyyətlər çərçivəsində proporsional güc və xüsusi vasitələrdən istifadə edib.

“Plenar iclas başa çatdıqdan sonra aksiya iştirakçıları parlamentə girişlərdən birini bağlamağa cəhd ediblər. Polis onlara bunu etməyə icazə verməyib. Eyni zamanda, nazirliyin əməkdaşlarına qarşı zorakılıq, o cümlədən asayiş keşikçilərinin istiqamətinə müxtəlif əşyalar atma halları baş verib. Aksiya iştirakçılarının zorakılıq hərəkətləri nəticəsində bir neçə hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb, polis texnikası zədələnib", - Daxili İşlər Nazirliyindən bildirilib.

Etiraz aksiyasında vəziyyət “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə 13 əleyhinə 76 lehinə səslə birinci dinləmədə qəbul edilməsindən sonra gərginləşib.

Dünən, martın 6-da eyni adlı “Xarici agentlər haqqında” hər iki qanun layihəsi hüquqi məsələlər komitəsi tərəfindən bəyənilib. “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdiniradze bildirib ki, qanun layihələri cümə axşamı, martın 9-da keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq. Bundan sonra o, qanun layihəsinin bu gün müzakirəyə çıxarılmasını təklif edib. Mdinaradzenin bu bəyanatından sonra müxalifət deputatları etirazını bərabərində gətirib.

Gürcüstan parlamenti parlament çoxluğunun təşəbbüsü ilə irəli sürülmüş “xarici agentlərin qeydiyyatı” və “xarici təsirin şəffaflığı” haqqında qanun layihələri maliyyəsinin 20%-dən çoxu xaricdən olan medya qurumları və qeyri-hökumət təşkilatlarını “xarici təsir agenti” kimi qeydiyyatdan keçirməyə məcbur edir. Bununla, Ədliyyə Nazirliyi media və qeyri-hökumət təşkilatlarını yoxlamaq, şəxsi məlumatları emal etmək və 25 min lari məbləğində cərimə tətbiq etmək səlahiyyətinə malik olacaq. Qanun layihəsində bu qanunu pozan şəxs üçün 5 il müddətində həbs cəzası nəzərdə tutulub. 

Son bir neçə gündür müstəqil media, qeyri-hökumət təşkilatları, vətəndaşlar və müxalifət partiyalarının üzvləri parlament qarşısında qanun layihələrinin əleyhinə aksiyalar keçirirlər. Tərəfdaş ölkələr və beynəlxalq insan haqları təşkilatları parlament çoxluğunu qanun layihələrini rədd etməyə çağırır.

 

Bu  mövzu haqqında:

Bu gün Gürcüstan demokratiyası üçün qara gündür - ABŞ səfirliyi

“Agentlər haqqında” qanun layihəsini “Human Rights Watch” və “Amnesty International” tənqid edir

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur