Qarabağdan olan fəallar Azərbaycan sərhəd-keçid məntəqəsinin sökülməsini tələb edirlər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Foto: “Kavkazskiy Uzel”

Qarabağdan olan fəallar Stepanakert-Şuşa yolunda çadırlar qurub, nümayiş keçirirlər. Onlar Azərbaycanın Laçın dəhlizində yerləşdirdiyi sərhəd-keçid məntəqəsinin sökülməsini və dəhlizin açılmasını, həmçinin atəşkəsin tamamilə təmin olunmasını, Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyinin təmin edilməsini və Azərbaycan qoşunlarının bölgədən çıxarılmasını tələb edirlər.

“Kavkazskiy Uzel” nəşrinin yazdığı kimi, mayın 3-də aksiyaya 60-a yaxın adam toplaşıb. Gənclər məqsədlərinə çatana qədər aksiyanın davam edəcəyini bildiriblər.

“Gənclər hərəkatı imza toplamaqla birlikdə müddətsiz etiraz aksiyasına başladıq, çünki sərhəd-keçid məntəqəsinin tikintisi qırmızı xəttdir. Biz, Artsax [Dağlıq Qarabağ] gəncləri, BMT Təhlükəsizlik Şurasının üzvlərinə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin başçılarına, Artsaxda sülhməramlı missiyanı həyata keçirən Rusiyanın prezidentinə və hökumətin başçısı kimi Ermənistanın Müstəqillik Bəyannaməsinə uyğun olaraq, Artsaxın təhlükəsizlik zəmanəti olan Ermənistanın baş nazirinə sərhəd-keçid məntəqəsinin sökülməsi tələbi ilə müraciət edirik” -“Kavkazskiy Uzel” aksiyada çıxış edənlərdən biri, Davit Bağryanın bəyanatına istinadən xəbər verir.

Azərbaycan hakimiyyəti Ermənistan və Dağlıq Qarabağı birləşdirən yeganə yolun keçdiyi Laçın dəhlizinə sərhəd-keçid məntəqəsini aprelin sonunda  yerləşdirib. Azərbaycan tərəfinin fikrincə, məntəqə onların ərazisində “qanunsuz erməni silahlı birləşmələri üçün canlı qüvvə, silah və minaların qanunsuz daşınmasının” qarşısını almalıdır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər yola nəzarət etməyə başladıqdan sonra özlərini “eko fəal” və “könüllü” adlandıran azərbaycanlılar ərazini tərk ediblər. Onlar 2022-ci il dekabrın 12-dən Dağlıq Qarabağı xarici dünya ilə birləşdirən yeganə yolu bağlayıblar.

Azərbaycan hakimiyyətinin bildirdiyinə görə, Qarabağda yaşayan erməni əhalinin Laçın yolunun hər iki istiqamətində “şəffaf və nizamlı” hərəkətini təmin etmək üçün lazımi şərait yaradılıb. Buna baxmayaraq, de-fakto Dağlıq Qarabağ Respublikası hökuməti hələ də dəhlizlə gediş-gəlişin təhlükəsiz olmadığını iddia edir.

Bunun fonunda Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar gedir. Mayın 3-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla üçtərəfli görüşdən sonra Ermənistanın nümayəndəsi Ararat Mirzoyan bildirib ki, onlar regional təhlükəsizlik və sabitlik məsələlərini, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

“Azərbaycanın Dağlıq Qarabağ xalqına qarşı hərəkətləri, ən yüksək səviyyədə nifrət nitqi və açıq güc tətbiqi hədələri Azərbaycanın Dağlıq Qarabağda etnik təmizləmə aparmaq niyyəti və real təhlükəsindən xəbər verir”, - Mirzoyan bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, Vaşinqtonda danışıqlar masası üzərində sənəd dayanır və orada onun açıq şəkildə danışdıqları şeylər yer alıb. Paşinyanın fikrincə, sülh mümkündür, lakin bu, Ermənistan tərəfi üçün qəbuledilməz şərtləri nəzərdə tuta bilər. O, bunun ən balanslı həll yolunu tapmaq lazım olduğunu vurğulayıb.

Ermənistanın baş naziri bir neçə həftə əvvəl parlamentdə çıxışı zamanı Ermənistanla Azərbaycan arasında imzalanmalı olan sülh sazişindən danışıb və bildirib ki, “əgər hər iki ölkə aydın şəkildə, qeyri-müəyyənliklər və tələlər olmadan, bir-birinin ərazi bütövlüyünü tanısa və öhdəlik götürsə ki, bu gün və ya gələcəkdə bir-birlərinə qarşı ərazi iddiası irəli sürməyəcək”, bu halda bu proses real olacaq. Azərbaycan prezidenti İlham Əliyev Ermənistan hakimiyyətindən “Qarabağ Azərbaycandır” rəsmi bəyanatını tələb edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur