Tbilisinin Kekelidze küçəsində ailənin evdən çıxarılmasına qarşı keçirilən etiraz aksiyası zamanı cinayət məcəlləsi qaydası ilə həbs edilən mülki fəallar Qiorqi Xasaia və Kako Çikobavanı 3 ildən 6 ilə qədər həbs gözləyir. Daxili İşlər Nazirliyi onları Milli İcra Hakimiyyəti Bürosuna məxsus avtomobilin qəsdən, qrup şəklində zədələnməkdə ittiham edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qiorqi Xasaia və Kako Çikobava “Səs” vətəndaş hərəkatının həmtəsisçiləridir. Çikobava Tbilisi Dövlət Universitetində Gürcüstan tarix fənnindən dərs deyir, Xasaia isə İliya Dövlət Universitetində antropologiya üzrə doktorantdır. “Səs” hərəkatı hər iki şəxsin azadlığa buraxılmasını və onlara qarşı təqiblərin dayandırılmasını tələb edir.
Saxlanılanların maraqlarını qeyri-hökumət təşkilatı “Sosial Ədalət Mərkəzi” qoruyur. Vəkil Quram İmnadzenin sözlərinə görə, müvəqqəti yerləşdirmə təcridxanasında onlara qarşı ittiham rəsmi olaraq, yəqin ki, bu gün təqdim olunacaq.
Yanvarın 23-də Kekelidze küçəsində 18-i inzibati qaydada, xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə olmaqla ümumilikdə 20 nəfər saxlanılıb. Saxlanılanlardan bəzilərinin məhkəməsi gecə saatlarında keçirilib, daha sonra onlar sərbəst buraxılıblar. Vəkillər iddia edir ki, Daxili İşlər Nazirliyinin məhkəməyə təqdim etdiyi sübutlar cinayətin törədilməsini sübuta yetirmir, ona görə də məhkəmədən prosesi dayandırmasını gözləyirlər.
Milli İcra Hakimiyyəti Bürosu polisin köməyi ilə Xatiaşvili ailəsini Kekelidze küçəsi N1-də yerləşən mənzildən çıxarıb. Hadisə yerinə toplaşan vətəndaşlar ailənin evdən çıxarılmasına etiraz ediblər. Onlar binanın girişinin dəmir qapısını qaynaq ediblər, lakin mühafizə polisinin nümayəndələri patrul polisi və fövqəladə hallar idarəsinin əməkdaşlarının köməkliyi ilə qapını açıb mənzilə daxil olaraq ailəni və onların tərəfdarlarını mənzili zorla tərk etdirməyə nail ola biliblər. Məcburi çıxarılma zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan bəziləri bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə daxil olduqdan sonra gözyaşardıcı qazdan istifadə ediblər. İcra Hakimiyyəti Bürosu bunu təkzib edir və bildirir ki, “əksinə, mənzildə olan şəxslər prosesi pozmaq üçün xilasetmə xidmətinə və icra polisinə qarşı bibər qazından istifadə ediblər və bu zaman bir neçə polis əməkdaşı xəsarət alıb”.
Polislər öz peşə borcunu yerinə yetirən jurnalistlərə də fiziki təzyiq göstəriblər. “Dağ Xəbərləri” və “Gürcüstan Xəbərləri” nəşrlərinin redaktoru Qela Mtivlişvilini də saxlanılıb və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 173-cü, yəni hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmamaq maddəsini pozmaq ittihamı irəli sürülüb. Jurnalist daha sonra imza əsasında azadlığa buraxılıb. O, polisə müqavimət göstərdiyini inkar edir. Onun sözlərinə görə, saxlanıldıqdan sonra ona zor tətbiq olunub və kriminal polis əməkdaşları maşında onun boğazını sıxıblar.
Evdən çıxarılma zamanı polis digər jurnalistlərə qarşı da güc tətbiq edib. “Mautskebeli” onlayn platformasının jurnalisti Rati Ratiani maşının damında dayanaraq hadisələri canlı yayımlayarkən polis onun əlini qıvıraraq yerə yıxıb. Nəşrin məlumatına görə, polis daha üç jurnalistə - Natia Karçiladze, Ani Qiorqadze və Qiorqi Arobelidzeyə də fiziki təzyiq göstərib.
Xüsusi İstintaq Xidməti aksiyada polis əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı istintaqa başlayıb.