Bu həftə Konstitusiya Məhkəməsində rus qanununa qarşı üçüncü iddianın qaldırılacağı gözlənilir. Əldə olan məlumata görə, şikayət ərizəsini 32 müxalifət deputatı imzalayacaq. Parlamentin nizamnaməsinə görə, parlament üzvlərinin ən azı beşdə biri, 30 deputat Konstitusiya Məhkəməsində iddia qaldıra bilər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İddia müəllifləri hesab edirlər ki, qondarma “xarici agentlər” haqqında qanun Gürcüstan Konstitusiyasının 22-ci (“Birləşmək azadlığı”) və 78-ci (“Avropa və Avro-Atlantik strukturlara inteqrasiya”) maddələrinə ziddir.
“Mübarizə həmişə məna kəsb edir. Bu prosesin necə bitəcəyini görəcəyik. Məhkəmə yenə də hökumətə tabe olacaqmı? Seçicilərimiz bunu görəcək, beynəlxalq tərəfdaşlar bunu görəcək”, - “Avrooptimistlər” parlament siyasi qrupunun üzvü Roman Qotsiridze bildirib.
Parlamentdə 4 deputatı olan “Qirçi” partiyası müxalifətin konstitusiya iddiasına qoşulmur. Onlar buna səbəb kimi Konstitusiya Məhkəməsinin müstəqilliyi problemini göstərirlər.
“Konstitusiya Məhkəməsinin qərarlarında müstəqil olmadığına əmin olduqdan sonra biz oradan bütün iddiaları geri götürdük. Prezident və ya müxalifətdən olan deputatlar məhkəmədə klan idarəçiliyinin olduğunu deyib məhkəməni müxtəlif yollarla tənqid etidiyi bir şəraitdə, ədalət tapmaq üçün ora getmək sadəcə olaraq bir az qəribə görünür”, - deyə “Qirçi”dən olan deputat Sandro Rakviaşvili bildirib.
Prezident Salome Zurabişvili də rus qanunundan Konstitusiya Məhkəməsinə şikayət edib, onun qüvvəsinin dayandırılmasını istəyir. 69 səhifəlik şikayət ərizəsində prezident “Xarici təsirin şəffaflığı haqqında” qanunun və onun ayrı-ayrı normalarının konstitusiyanın 6 maddəsinə, o cümlədən ölkənin “Avropa və Avro-Atlantik strukturlara inteqrasiyasına” aid 78-ci maddəsinə zidd olduğunu iddia edir. Baş nazir İrakli Kobaxidze artıq şikayətin “perspektivinin olmayacağını” bəyan edib.
Qeyri-hökumət təşkilatları və medialar da Konstitusiya Məhkəməsində iddia qaldırıb. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinə təqdim etmək üçün şikayət də hazırlayırlar.
Konstitusiya Məhkəməsi iddiaçıların tələblərini yerinə yetirməsə, rus qanunu sentyabrın 3-də tam şəkildə həyata keçiriləcək. Gəlirlərinin 20%-dən çoxunu beynəlxalq təşkilatlardan aldığı qrantlardan əldə edən bütün qeyri-hökumət təşkilatları və medialar xarici dövlətin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyatdan keçməlidirlər. Qanun Gürcüstanda qrant verən ölkənin strateji tərəfdaşlarına “xarici güc” statusu verəcək.