Rus qanununun qəbuluna yol verməyəcəyik - media qurumları “agentlər qanunu” haqqında

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Yerli və beynəlxalq fondlardan maliyyə alaraq redaksiya müstəqilliyini qoruyub saxlayan media qurumları “Gürcü Arzusu”nun əsas məqsədi söz azadlığını boğmaq olan rus qanununu qəbul etməsinə yol verməyəcəklərini bildiriblər.

Bugünkü xüsusi brifinqdə onlayn media redaktorları ictimaiyyətə birgə bəyanat təqdim ediblər:

“Hökumət bizə növbəti dəfə yalan danışdı və bir il əvvəl ictimai etirazlar nəticəsində ləğv olunana rus qanununu seçkilərdən əvvəl geri qaytardı.

Rus qanununun əsas məqsədi müstəqil ictimai və media təşkilatlarını məhv etmək, azad sözü boğmaq və ictimai rəy üzərində total nəzarət yaratmaqdır. Bu, hökuməti daim korrupsiyada, qohumbazlıqda, yoxsulluqda, insan haqlarının tapdalanmasında, vədlərin yerinə yetirilməməsində ifşa edən medianın yoxa çıxmarılması deməkdir.

“Gürcü Arzusu”nun irəli sürdüyü qanun ölkəmizi Avropa ailəsindən çıxaracaq, qərb gələcəyini bitirəcək.

Rus qanunu artıq Rusiyada müstəqil media və ictimai təşkilatları məhv edib, tənqidi fikirləri boğub, rusiyalı jurnalistləri və fəalları həbs etdirib, öldürüb, sağ qalanları isə ölkədən qovub. Rusiyada cəmiyyət rejim qarşısında tamamilə müdafiəsiz qalıb.

Biz rus qanununun qəbuluna yol verməyəcəyik, sona qədər buna qarşı çıxacağıq. Müstəqil media “Gürcü Arzusu”nu azadlığa hücumu dayandırmağa çağırır. Hazırda bəyanata aşağıdakılar qoşulur: Studiya “Monitor”, “Publika”, “Netgazeti”/“Batumelebi”, “Mountain News” / “Georgian News”, “On.ge”, “Tabula”, “Proyekt 64”, “Tok Tv”, “OC Media”, “Jurnalistika Resurs Mərkəzi”, “Jurnalist Etikası Xartiyası”.

Hakim partiya 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” qanunu üç oxunuşda qəbul etmək niyyətindədir. Qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” adlanması “xarici güclərin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunacaq. Bu gün keçirilən brifinqdə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze qeyd edib ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılmayacaq və hətta keçənilkindən daha böyük etiraz olsa belə geri götürülməyəcək. “Heç bir halda. Bu, prinsipial məsələdir”, - Mdinaradze bildirib. İndiyədək “Gürcü Arzusu”nun liderləri qanun layihəsinə qayıtmayacaqlarını və bu məsələ bağlandığını bəyan etmişdilər.  Rus qanununun yenidən icrasını partiyanın fəxri sədri Bidzina İvanişvili də dəstəkləyir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur