Avropa İttifaqı “Gürcü Arzusu”na Avropa Komissiyasının 1-ci və 9-cu tövsiyələrini xatırladır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Xarici təsirin şəffaflığı haqqında qanun layihəsinin Gürcüstanın hakim partiyası tərəfindən təkrardan təqdim edilməsi ciddi narahatlıq doğurur. Avropa İttifaqı Gürcüstan hökumətinin və hakim partiyanın bu cür qanunları qeyd-şərtsiz ləğv etmək barədə ötən il verdiyi ictimai vədi xatırlayır”, - Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin mətbuat spikeri Piter Stano bildirib.

Avropa İttifaqı təəssüf edir ki, 2023-cü ilin martındaki ictimai və beynəlxalq reaksiyalara baxmayaraq, qanun layihəyə yenidən baxılacaq.

“Vətəndaş cəmiyyəti təşkilatları üçün əlverişli mühitin yaradılması və saxlanılması, media azadlığının təmin edilməsi demokratiyanın əsasını təşkil edir. Bu, Aİ-yə üzvlük prosesi üçün də çox vacibdir.

Avropa İttifaqı Komissiyanın 8 noyabr 2023-cü il tarixli tövsiyəsində qeyd olunan müvafiq addımların atılacağı qeyd-şərti ilə Avropa Şurasının Gürcüstana namizəd statusu verdiyini xatırlayır.

9-cu addım Gürcüstana vətəndaş cəmiyyətinin azad fəaliyyətini təmin etmək üçün tövsiyəni, 1-ci addım isə Gürcüstanı Aİ və onun dəyərlərinə qarşı dezinformasiya ilə mübarizəyə çağırır.

Şəffaflıq anlayışı vətəndaş cəmiyyətinin azadlığını məhdudlaşdırmaq üçün alət kimi istifadə edilməməlidir.

Biz Gürcüstanın siyasi liderlərini Gürcüstan vətəndaşlarının böyük əksəriyyətinin dəstəklədiyi Avropa İttifaqına daxil olmaq kimi bəyan edilmiş məqsədə uyğun islahatları qəbul etməyə və həyata keçirməyə çağırırıq. Avropa İttifaqı Gürcüstanı demokratiya, qanunun aliliyi və insan haqlarını təşviq etmək öhdəliyini qorumağa çağırır”, - Piter Stano bildirib.

Hakim partiya 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” qanunu üç oxunuşda qəbul etmək niyyətindədir. Qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” adlanması “xarici güclərin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunacaq. Bu gün keçirilən brifinqdə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze qeyd edib ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılmayacaq və hətta keçənilkindən daha böyük etiraz olsa belə geri götürülməyəcək. “Heç bir halda. Bu, prinsipial məsələdir”, - Mdinaradze bildirib. İndiyədək “Gürcü Arzusu”nun liderləri qanun layihəsinə qayıtmayacaqlarını və bu məsələ bağlandığını bəyan etmişdilər. Rus qanununun yenidən icra olunmasını partiyanın fəxri sədri Bidzina İvanişvili də dəstəkləyir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur