Rusiyada “Vaqner” özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinə qarşı qaldırılan “silahlı hərbi çevrilişə cəhd” işi bağlanacaq, Priqojin özü isə Belarusa “gedəcək”. Bu barədə jurnalistlərə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Siz məndən, şəxsən Priqojinlə nə olacağını soruşdunuz. Onun barəsində cinayət işi bağlanacaq və o, Belarusa gedəcək. Məndən soruşsanız ki, Priqojinin Belarusa gedəcəyinə zəmanət nədir, bu, Rusiya prezidentinin sözüdür”, - deyə “İnterfaks” agentliyi Peskovun iyunun 24-də, gün sonunda yaydığı bəyanantdan sitat gətirib. Peskovun sözlərinə görə, Priqojinin harada olduğu barədə məlumatı yoxdur.
Kreml nümayəndəsi onu da bildirib ki, qiyamda iştirak edən “Vaqner” üzvlərinə qarşı “onların cəbhədəki xidmətləri nəzərə alınmaqla” hüquqi təqibə başlanılmayacaq.
“Vaqner özəl hərbi şirkətinin öz düşərgələrinə qayıtması ilə bağlı razılıq əldə olunub. Bunu etmək istəyənlər Müdafiə Nazirliyi ilə müqavilə imzalayacaqlar. Bu, bu yürüşdə iştirak etməyən hissəyə şamil edilir. Həqiqətən də əvvəlcədən ağlını başına toplayıb geriyə qayıdan birləşmələr oldu. Digər döyüşçülərə gəlincə, cəbhədəki xidmətlərini nəzərə alaraq heç kim onlara qarşı təqibə başlamayacaq. Biz onların cəbhədəki qəhrəmanlığına həmişə hörmətlə yanaşmışıq və bu hörməti həmişə qoruyacağıq”, - Peskov bildirib.
Jurnalistlər Peskovdan prezident Vladimir Putinin “bilə-bilə vətənə xəyanət edən hər kəs qanun qarşısında cavab verəcək” bəyanatını nəzərə alaraq, Belarus prezidentinin vasitəçiliyi ilə əldə edilən sövdələşmənin üsyançılar barədə nəyi nəzərdə tutduğunu soruşublar
“Daha böyük məqsəd var idi: qan tökülməsini dəf etmək, daxili çəkişmələrin qarşısını almaq, gözlənilməz nəticələri olan toqquşmalardan qaçınmaq. Məhz, bu məqsədlər üçün Lukaşenkonun vasitəçiliyi həyata keçirilib və prezident Putin müvafiq qərarlar qəbul edib.
Yəqin ki, soruşacaqsınız, niyə prezident Lukaşenko. Məsələ burasındadır ki, o, Priqojini çoxdan, təxminən 20 ilə yaxındır ki, şəxsən tanıyır. Bu, onun prezident Putinlə razılaşdırılmış şəxsi təşəbbüsü idi”, – Peskov deyib və Kremlin “bu səylərinə görə Lukaşenkoya minnətdar olduğunu” bildirib.
Dmitri Peskov həmçinin qeyd edib ki, qiyam Ukraynadakı “xüsusi hərbi əməliyyatın” gedişatına təsir etməyəcək, Vladimir Putin Rusiya vətəndaşlarına bir daha müraciət etmək fikrində deyil və Priqojinin üsyanına səbəb olan narazılığa görə müdafiə naziri Sergey Şoyquya münasibətini dəyişməyib.
İyunun 23-də,“Vaqner”in təsisçisi, Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqnerlilər”in düşərgələrini bombalamaqda ittiham etmiş və “ədalət yürüşü”nə başlayacağına söz vermişdi. Onun sözlərinə görə, 25 min “Vaqnerli” “ölkədəki bu özbaşınalığın niyə baş verdiyini” öyrənməyə gedirdi.
“Rusiya hərbi rəhbərliyinin törətdiyi şər dayandırılmalıdır”, - deyə Priqojin bildirib. O, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşü tələb edib.
Müdafiə Nazirliyi Priqojinin ittihamlarını rədd edib və onun yaydığı məlumatı təxribat adlandırıb. Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı çevrilişə cəhd maddəsi ilə cinayət işi qaldırıb.
İyunun 24-də, “Vaqner” Ukrayna sərhədinə yaxınlığında yerləşən Rostov-Donda hərbi obyektlər, o cümlədən aerodrom üzərində nəzarəti bərqərar edib və Moskvaya doğru irəliləməyə başlayıb.
Rusiya prezidenti Vladimir Putin Priqojinin hərəkətini “arxadan vurulan zərbə” kimi qiymətləndirib və “vətənə xəyanət yolunu tutanların” hamısının “qaçılmaz cəza” ilə cəzalandırılacağını vəd edib.
“Hərbi qiyam təşkil edən və hazırlayan, əsgər yoldaşlarına silah qaldıran Rusiyaya xəyanət edib və buna görə cavab verəcək”, - Putin bildirib.
İyunun 24-ü, axşam saatlarında Priqojin qəfildən elan edib ki, Moskva ilə 200 kilometr məsafədə olan muzdlu konvoyu səhra düşərgələrinə geri qayıdacaq.
“Onlar “Vaqner” özəl hərbi şirkətini dağıtmaq etmək istəyirdilər. İyunun 23-də “Ədalət marşı”na başladıq və gecə-gündüz ərzində Moskvaya 200 kilometr yaxınlığadək irəlilədik. Bu müddət ərzində döyüşçülərimizin bir damla qanı belə tökülmədi. İndi, qan tökülə biləcəyi an gəlib çatıb. Ona görə də, biz, tərəflərdən birində rus qanının töküləcəyinə görə bütün məsuliyyəti dərk edirik, konvoylarımızı geri qaytarırıq və plana uyğun olaraq əks istiqamətə, çöl düşərgələrinə gedirik”, - Priqojin səsli müraciətində deyib.
Onun bu bəyanatından əvvəl Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidməti məlumat yayıb ki, gün ərzində davam edən danışıqlar nəticəsində Priqojin Moskvaya doğru hərəkəti dayandırmağa razılaşıb. “Hazırda “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə vəziyyəti həll etmək üçün, masada tamamilə sərfəli və məqbul variant var”, - Lukaşenkonun mətbuat xidmətinin bəyanatında deyilir.