Biz jurnalistlərə qarşı törədilən cinayətlərə görə məsuliyyəti hakimiyyət orqanları daşıyır - Medianın bəyanatı

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Onlayn nəşrlər və Gürcüstanın Jurnalist Etikası Xartiyası hakimiyyət tərəfindən mediaya və qeyri-hökumət təşkilatlarına qarşı zorakılıqla bağlı birgə bəyanat yayıb.

“Gürcü Arzusu” hələ rus qanununu qəbul etməyib və artıq müstəqil jurnalistlərə və fəallara qarşı zorakılıq məqsədi daşıyan azad mediaya və ictimai təşkilatlara qarşı repressiv metodlara başlayıb.

Hökumət onu irimiqyaslı korrupsiyayı, nepotizmi, qeyri-şəffaflığı, Rusiya təsirinin artmasını, sistemli cinayətlərin araşdırılmamasını və s. ifşa edən vətəndaşları və təşkilatları qorxutmağa və aradan qaldırmağa çalışır.

Mövcud vəziyyət - hökumətin təhdid və zorakılığa ictimai çağırışlarla bağlı hərəkətləri bizim jurnalist fəaliyyətimizi həyata keçirməyimizə mane olur.

Biz hər hansı bir jurnalistə və onların ailə üzvlərinə qarşı cinayət əməllərinə görə tam məsuliyyəti hakimiyyət daşıyır”, - aşağıdaki mediaların imzaladığı bəyanatda deyilir: “Netgazeti/Batumelebi”; “Monitor” studiyası; “Publika”; “Dağ Xəbərləri” / “Gürcüstan Xəbərləri”; “Gürcüstanın Jurnalist Etikası Xartiyası” / “Mediachecker”; “Cənub Qapısı”; “OC Media”; “Chai-Khana”; “Tabula”; “Jam-news”; “On.ge”; “kutaisipost.ge”; “qartli.ge”; “Ai Fakt” Araşdırmaçı Jurnalistlər Birliyi; “Media Aprel”; “Layihə 64”; “Marneuli” İcma Radiosu, “İndiqo”.

3 aprel 2024-cü ildə “Gürcü Arzusu”bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü "xarici agentlər" haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz veerməsinə baxmayaraq təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Aprelin 15-dən Tbilisidə rus qanununa qarşı kütləvi etirazlar keçirilir. Artıq “Gürcü Arzusu” qanun layihəsini iki oxunuşda qəbul edib. Yekun oxunuş mayın 13-nə təyin edilib.

Mayın 3-də Tbilisidə rus qanununa qarşı etiraz aksiyasında iştirak edən gənclərə hücum və fiziki təzyiqlər edilib, buna görə Daxili İşlər Nazirliyi heç kimi həbs etməyib. Media tərəfindən müəyyən edilən hücumçular arasında Tbilisi Meriyası tərəfindən büdcədən maliyyələşdirilən məşqçilər də var.

Mayın 5-də Lançxutidə pedaqoq Lado Apxazava və oğlu hücuma məruz qalıb. Apxazava hücumda iki nəfərin iştirak etdiyini bildirsə də, prokurorluq sadəcə bir nəfəri fiziki zorakılıqda ittiham edib. Məhkəmə hücumçunuu, Lançxuti təcili tibbi yardım xidmətinin əməkdaşını girov müqabilində zaminə buraxıb.

Mayın 7-də qeyri-hökumət təşkilatı “İnformasiya Azadlığının İnkişafı İnstitutu”nın direktoru Qiorqi Klidiaşvili və “Formula”nın çəkiliş qrupu Tbilisidəki İsveç səfirliyindən çıxarkən hücuma məruz qalıb.

Mayın 8-də “Milli Hərəkat”ın üzvü Dimitri Çikovani yaşayış binasının girişində hücuma məruz qalıb, üzündən və başından çoxsaylı xəsarətlər alıb. Hücumdan əvvəl aprelin 23-də baş nazir İrakli Kobaxidze “Davit Kezeraşvili və Dima Çikovani tərəfindən 1000 lari ilə maliyyələşdirilən şəxslər rus qanunu əleyhinə keçirilən aksiyalarda ən öndə dayanır” bəyanatı vermişdi. Çikovani “Formula” teleşirkətinin təsisçisi və Gürcüstanın keçmiş müdafiə naziri Davit Kezeraşvilinin həyat yoldaşının qardaşıdır.

Mayın 8-də naməlum şəxslər Gürcüstan Universitetinin lektoru, “Çavçavadze Mərkəzi”nin tədqiqatçısı Qia Caparidzeyə hücum ediblər. O, “Qirçi – Daha Çox Azadlıq” müxalifət partiyasının lideri Zurab Caparidzenin qardaşıdır və rus qanunu əleyhinə hərəkətlərdə fəal iştirak edir. “Məni birbaşa döyməyə başladılar. Əllərində bir neçə dəyənək var idi. Niyə mən rus qanununa qarşıyam – belə deyirdilər”, – Qia Caparidze deyib. Onun başında və üzündə xəsarətlər var. Onun, həmçinin kəllə-beyin travmasının olduğu da bildirilir.

Mayın 8-də rus qanununa qarşı etiraz aksiyalarının təşkilatçılarından biri olan bayker Laşa Ğvinianidze hücuma məruz qalıb. “72 yaşlı atama zəng vurub hədələyiblər ki, oğlun dayansın. Biz bunun sadəcə təhdid olduğunu düşündük, ancaq evdə də bizə hücum etdiklərini görürük. Mənim harada olduğumu necə bildiklərini bilmirəm. Mənə şübhəli nömrədən zəng gəldi, cavab verdim, amma cavab verən olmadı. Ola bilsin ki, onlar məkanı belə öyrəniblər. Təxminən 10 dəqiqə ərzində 3 nəfər maskalı tökülüşdü. Dostum və mənim yanımdan keçdilər. Sonra bizə salam verib arxadan hücum etdilər”, - deyə Laşa Ğvinianidze bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur