Daxili İşlər Naziri Vaxtanq Qomelauri cəzalandırılmalıdır - Müxalifət

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlament və qeyri-parlament müxalifəti “Vahid Milli Hərəkat” sədrinin xüsusi təyinatlılar tərəfindən döyülməsinə görə daxili işlər nazirinin cəzalandırılmasını tələb edir. Onların bildirdiyinə görə, Levan Xabeişvili məqsədyönlü intiqamın qurbanı olub.

“Siyasi rəqibə qarşı bu zorakı hücum cinayətdir və bunda iştirak edənlərin hamısı cəzalandırılmalıdır. İlk növbədə Gürcüstanın Daxili İşlər Naziri Vaxtanq Qomelauri cəzalandırılmalıdır. Bütün müxalifət partiyaları yekdilliklə Gürcüstan vətəndaşlarına və müxalifət liderlərinə qarşı həyata keçirilən zorakılığı pisləyir”, - deputat Tamar Kordzaia bugünkü brifinqdə bildirib.

Müxalifət partiyalarının nümayəndələri polislərə dinc əhaliyə qarşı güc tətbiq etməyin cinayət olduğunu xatırladıb və onları “anti-Gürcüstan rejimi”nin qanunsuz əmrlərinə tabe olmamağa çağırıblar.

“Vahid Milli Hərəkat”ın sədri, deputat Levan Xabeişvilinin sözlərinə görə, ötən gecə Xüsusi Tapşırıqlar Departamentinin direktoru, “Xareba” kimi tanınan Zviad Xarazişvili ona qarşı məqsədyönlü cəza tədbiri həyata keçirib. Xabeişvilinin burun sümükləri, dişləri qırılıb və gözü zədələnib.

“Onlar təxminən 10-15 dəqiqə [döyməyə] davam etdilər. Məni döyərkən deyirdilər: dilin uzundur və daim hökuməti tənqid edirsən, bəlkə dayanasan. Qışqırırdılar: öldürün, sonra deyin ki, başına vurdu. Onlar dedilər ki, mən deməliydim ki, mən çmoram və bu halda daha məni döyməyəcəklər”, - Xabeişvili əlil arabası ilə gəldiyi parlamentdə deyib.

Daxili İşlər Nazirinin müavini Aleksandre Daraxvelidze deputatın döyülməsi faktını təsdiqləməyib. Bugünkü brifinqdə o bildirib ki, Levan Xabeişvili özü polis kordonunu yararaq polislərə müqavimət göstərib və bu zaman xəsarət alıb.

Aprelin 15-dən Tbilisidə hər gün rus qanununa qarşı kütləvi nümayişlər keçirilir. Aprelin 30-da Daxili İşlər Nazirliyi rus qanununu dəstəkləyən “Gürcü Arzusu”nun deputatlarının parlamenti rahat tərk etmələrini istədikləri üçün dinc etirazçıları dağıdıb. Vətəndaşlara qarşı bibər qazı, su şırnaqları və gözyaşardıcı qazdan istifadə edilib ki, Xalq Müdafiəçisinin qiymətləndirməsinə görə, DİN-in bunun üçün heç bir əsası olmayıb. Bundan əlavə, xüsusi təyinatlılar vətəndaşlara qarşı kobudluq edib. Aksiya zamanı jurnalistlər də xəsarət alıb. Daxili İşlər Nazirliyi xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaq bəhanəsi ilə  63 nəfəri inzibati qaydada həbs edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur