Herçinski 27 Aİ ölkəsinin Rusiya ilə uçuşlara görə demarşını Gürcüstan hökumətinə çatdırıb 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Aİ-yə üzv olan 27 ölkə adından Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşviliyə “Demarş” təqdim edib. Demarş Gürcüstan hökumətinin Rusiya ilə birbaşa uçuşların bərpasının təsdiqləməsinə istinad edir.

Davitaşvili ilə görüşdən sonra Herçinski çox açıq və səmimi söhbət etdiklərini bildirib.

“Mənə Brüsseldə Avropa İttifaqının 27 paytaxtının razılaşdırdığı Avropa İttifaqının mövqeyini Gürcüstan hökumətinə çatdırmaq tapşırılmışdı. Məni Tbilisidə təmsil olunan Aİ-nin bütün səfirləri müşayiət edirdi.

Biz Gürcüstan hökumətinin Rusiyaya birbaşa uçuşlarla bağlı qərarından təəssüfləndiyimizi, bu qərarın Aİ-yə üzv olan 27 ölkənin hamısının Rusiyaya və ya Rusiyadan birbaşa uçuşların olmaması və Rusiya təyyarələrinin Aİ-yə üzv dövlətlərin ərazisi üzərində uçmasına icazə verməmək barədə yekdil qərarı ilə ziddiyyət təşkil etdiyini bildirdik.

“Biz həmçinin narahatlığımızı ifadə etdik ki, bu Rusiyanı təcrid etmək və Rusiyanın Ukraynada apardığı qəddar, aqressiv müharibədə davranışını dəyişməsi üçün təzyiq etmək qərarımıza ziddir”, - Aİ səfiri bildirib.

Onun sözlərinə görə, doğrudur, Gürcüstanla birbaşa uçuşların bərpası Rusiyanın birtərəfli qərarı idi, lakin bunun üçün Gürcüstan hökumətinin də razılığı lazım idi.

“Gürcüstan tərəfi, baş nazir müavini daha əvvəl də dinlədiyimiz bütün arqumentləri gətirdi ki, Gürcüstan hökuməti nə sanksiyaya məruz qalan aviaşirkətlərin, nə də Qərbdə istehsal olunan təyyarələrin istifadəsinə icazə verməyəcək, lakin təəssüf ki, burada daha böyük siyasi məqamı çatışmır - xatırladırıq ki, Avropa İttifaqı Rusiyadan və Rusiyaya bütün uçuşların və Avropa İttifaqının ərazisi üzərində uçan bütün növ Rusiya təyyarələrinin qadağan edilməsi barədə yekdil qərar qəbul edib.

“Bu, Aİ-yə üzv olan 27 ölkə və digər tərəfdaş ölkələr tərəfindən Rusiyaya təzyiq göstərmək və Rusiyanın Ukraynaya münasibətdə davranışını dəyişməsi üçün çox mühüm addımdır”, - Herçinski bildirib.

Demarşın Gürcüstanın namizəd statusuna təsir edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq səfir bildirib ki, cavab verməkdə çətinlik çəkir : “Aydındır ki, bu, bizim fikrimizcə, müsbət hal deyil, lakin bunun Gürcüstanın Avropa İttifaqına üzv olma istəyinə necə və nəyin təsir etdiyini Aİ-yə üzv olan 27 ölkə mühakimə etməlidir”. 

Jurnalistlər Pavel Herçinskiyə sanksiyalarla bağlı da sual veriblər. Səfirin qeyd etdiyi kimi, Avropa İttifaqında Gürcüstan hökumətinə qarşı hər hansı sanksiyaların tətbiqi ilə bağlı hər hansı müzakirənin getdiyi barədə məlumatı yoxdur.

Mayın 10-da Rusiya prezidenti Vladimir Putin 2019-cu il iyunun 21-də Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların qadağan edilməsi ilə bağlı qərarını ləğv edib. Onun fərmanına əsasən, Gürcüstan vətəndaşları üçün 2000-ci ildən qüvvədə olan viza rejimi ləğv edilib. Gürcüstan hökuməti Putinin bu qərarlarını təqdir edib və müsbət qiymətləndirib. Mülki Aviasiya Agentliyi qısa müddət ərzində Rusiyanın iki aviaşirkətinə Gürcüstanda fəaliyyət göstərməyə icazə verib.

İlk Moskva-Tbilisi reysini mayın 19-da Rusiyanın “Azimut”aviaşirkəti həyata keçirib, Gürcüstanın “Georgian Airways” şirkəti isə mayın 20-dən Moskvaya uçacaq. İyun ayından Rusiyanın digər aviaşirkəti “Red Wings” Soçi-Tbilisi-Soçi və Moskva-Kutaisi-Moskva reyslərini həyata keçirəcək.

Bəzi vətəndaşlar və siyasətçilər Rusiya ilə birbaşa hava əlaqəsinin əleyhinədirlər, çünki onlar hesab edirlər ki, bu, Rusiya ilə yaxınlaşmaq və strateji tərəfdaşları itirmək deməkdir. Əlehdarlar arasında Gürcüstan prezidenti Salome Zurabişvili də var ki, o, etiraz əlaməti olaraq Moskvaya uçuşlar səbəbindən “Georgian Airways”i boykot edib və Rusiya vətəndaşları üçün üç aylıq viza rejiminin tətbiqini tələb edib.

Baş nazir İrakli Ğaribaşvili dəfələrlə bildirib ki, hava nəqliyyatı iqtisadi-ticari əlaqələrinin tərkib hissəsidir və Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etmir. Ğaribaşvilinin sözlərinə görə, Rusiyaya sanksiyaların tətbiq edilməsi təqdirdə Gürcüstan iqtisadiyyatı çökəcək.

 

Bu mövzu haqqında:

"Avropaya Kutaisi vasitəsilə" - Rusiya hökumət mediası uçuşların bərpasından sonra yazır

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur