İyunun 2-dən rus aviaşirkəti Soçi-Tbilisi-Soçi və Moskva-Kutaisi-Moskva hava marşrutları üzrə fəaliyyətə başlayacaq. Gürcüstanın Mülki Aviasiya Agentliyi aviaşirkətə müvafiq icazəni mayın 18-də verib. Agentlik bildirir ki, “Red Wings” Aİ-nin qara siyahısına daxil deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Soçi-Tbilisi-Soçi və Moskva-Kutaisi-Moskva reysləri həftədə üç dəfə - hər bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək.
“Red Wings” aviaşirkəti 2021-ci ildən Ukrayna tərəfindən sanksiyaya məruz qalıb. 2022-ci ilin avqustunda “Reuters” agentliyi yazmışdı ki, ABŞ Ticarət Departamenti Ukraynada müharibənin başlaması ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyaları pozanlar siyahısına “Red Wings” tərəfindən idarə olunan “Airbus” təyyarəsini də daxil edib.
“Red Wings” Rusiyadan Türkiyə, Azərbaycan, Ermənistan, İsrail, Qazaxıstan və Özbəkistana uçur. Şirkətin veb-səhifəsində dərc olunan məlumata görə, aviaşirkətin donanması əsasən Rusiyanın müasir hava gəmilərindən - “Sukhoi SuperJet” (SSJ 100) ibarətdir. Aviaşirkət 19 belə təyyarəni istismar edir. Onun həmçinin 14 “Airbus” və 3 “Boeing”i var.
“Red Wings”dən başqa, Gürcüstanın “Georgian Airways” və Rusiyanın “Azimut” (Azimut Air lines) aviaşirkəti də Rusiya ilə Gürcüstan arasında uçuşlar üçün icazə alıb. “Azimut” bu gün, mayın 19-da ilk Moskva-Tbilisi reysini həyata keçirib.
Gürcüstan və Rusiya arasında birbaşa hava əlaqəsi 2019-cu il iyulun 8-dən dayandırılıb. Həmin il iyunun 21-də Rusiya Dumasının kommunist deputatı Sergey Qavrilovun Tbilisiyə səfərindən və onun Gürcüstan parlamentinin sədri kreslosunun tutulmasının genişmiqyaslı etiraz aksiyaları ilə nəticələnməsindən sonra, Vladimir Putin rus aviaşirkətlərinin Gürcüstana uçuşuna qadağa qoyub. 2023-cü il mayın 10-da Rusiya prezidenti təxminən dörd il əvvəl dayandırılmış hava hərəkətinin bərpası haqqında fərman verib. Uçuşların bərpası ilə yanaşı, 2000-ci ildən qüvvədə olan viza rejimi də ləğv edilib və mayın 15-dən Gürcüstan vətəndaşları Rusiya ərazisinə vizasız daxil ola bilərlər.
Avropa İttifaqı, Aİ-yə namizəd ölkə olmağa can atan Gürcüstanı Avropa İttifaqı və digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi aviasiya sanksiyalarına qoşulmağa və mümkün sanksiyalardan yan keçmək cəhdlərinə qarşı ayıq olmağa çağırır. Avropa İttifaqının nümayəndəsi Piter Stano qeyd edib ki, Avropa İttifaqı ölkələri Rusiyaya, Rusiyadan və ya Rusiya üzərindən uçuşlara icazə vermir.
Amerika Birləşmiş Ştatları sanksiyalarla bağlı xəbərdarlıq edib. Dövlət Departamenti sözçüsünün müavini Vedant Patel bildirib ki, Gürcüstan hava limanlarında şirkətlər idxal və ixrac nəzarətinə məruz qalan təyyarələrə xidmət etsələr, sanksiyalar riski ilə üzləşə bilər.
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili birbaşa hava hərəkətinin bərpasını təqdir edib. Onun sözlərinə görə, uçuşlar yalnız sanksiya olunmamış aviaşirkətlər və təyyarələr tərəfindən həyata keçiriləcək.