Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsi bərpa edildikdən sonra ilk təyyarə Moskvanın Vnukovo hava limanından Tbilisiyə qalxıb. Təbliğatçı “Ria Novosti”nin məlumatına görə, “Azimut” aviaşirkətinin göyərtəsində “Gürcüstan nümayəndə heyəti” də var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Moskva-Tbilisi reysində rusiyayönümlü siyasətçi, “Xalq Hərəkatı Sosialist Gürcüstan”ın sədri Valeri Kvaratsxelia, keçmiş deputat, Gürcüstan-Rusiya İctimai Mərkəzinin direktoru Dimitri Lortkipanidze və “Sülh Naminə Həmrəylik” təşkilatının sədri Merab Çikaşvili yer alır.
“Mən öz adımdan, təşkilatım adından, Gürcüstan vətəndaşlarının böyük bir hissəsi adından Rusiya Federasiyasının Prezidenti, Vladimir Vladimir oğlu Putinə bu fərmanı imzaladığına və bizim xahişimizi bəyənib təmin etdiyinə görə təşəkkür edirəm. Ən əsası odur ki, bu, xalqın xahişi idi və biz bu imzanın əhəmiyyətini çox yaxşı bilirik”, - Çikaşvili deyir.
“Mayın 19-u saat 13:50-də A 4851 reysi ilə Tbilisi hava limanına tarixi təyyarə enəcək. Bu ilk səfərdə dəyərli soydaşlarımızla birlikdə gərgin diplomatik əməyi öz bəhrəsini verən biz, nümayəndə heyətinin üzvləri uçacağıq. Bundan sonra vizasız və birbaşa reyslərlə xoşbəxt uçun!”, - Valeri Kvaratsxelia sosial şəbəkədə yazıb.
İş adamı Mamuka Pipia bildirir ki, indi Rusiyada, xüsusən də restoran və tikinti biznesində gürcü mütəxəssislərin çatışmazlığı olmayacaq: “Biz çox müsbət dəyişikliklər gözləyirik. Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatını bərpa etməklə, biznes böyük fayda əldə edəcək”.
“Azimut” (Azimut Airlines) Putinin fərmanının dərcindən sonra Gürcüstan hökuməti tərəfindən Moskva-Tbilisi-Moskva marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə icazə alan ilk rus aviaşirkətidir.
Rus aviaşirkətinə Gürcüstanda Valeri Kvaratsxelianın oğlunun şirkəti “Aero Handling Georgia” MMC xidmət göstərəcək. Şirkət Milli Dövlət Reyestr Agentliyi tərəfindən cəmi bir ay əvvəl, 21 aprel 2023-cü ildə qeydiyyata alınıb. Onun direktoru və səhmlərinin 60%-nin sahibi Davit Kvaratsxeliadır.
Moskvadan ilk uçuş Tbilisi Beynəlxalq Hava Limanında etiraz aksiyası ilə qarşılanacaq. “Droa” müxalifət partiyasının lideri Elene Xoştariyanın dediyi kimi, vətəndaşlar Birinci Respublika Meydanına toplaşaraq korteclə hava limanına doğru istiqamət götürəcəklər.
Gürcüstanla təxminən 4 il əvvəl dayandırılmış hava nəqliyyatının bərpası haqqında fərmanı Rusiya prezidenti Vladimir Putin 2023-cü il, mayın 10-da verib. Uçuşların bərpası ilə yanaşı, 2000-ci ildən qüvvədə olan viza rejimi də ləğv edilib - mayın 15-dən Gürcüstan vətəndaşları Rusiya ərazisinə vizasız gedə bilərlər.
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Putinin bu qərarlarını alqışlayıb. Prezident Salome Zurabişvili isə bildirib ki, bu, Gürcüstan hökumətinə böyük problemlə qarşı-qarşıya qoyan növbəti rus təxribatıdır. Onun sözlərinə görə, Rusiya bütün dünya üçün təcavüzkar və Gürcüstan ərazilərinin işğalçısı olduğu müddətcə belə bir jest vaxtsız və qəbuledilməzdir. Zurabişvili həmçinin Rusiya vətəndaşları üçün 3 aylıq viza rejiminin tətbiqinidə tələb edib.