İşğal olunmuş Tsxinvalinin de-fakto məhkəməsi aprelin sonunda rus işğalçı qüvvələrinin nümayəndələri tərəfindən qaçırılan və qondarma “sərhədi” pozmaqda ittiham olunan Ququtiantkar kənd sakini Ramaz Beğelurini 8 ay müddətinə azadlıqdan məhrum edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ramaz Beğelurinin həbs cəzası barədə onun anası Nora Beğeluriyə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat verib.
“Biz bu məsələ ilə bağlı çox işlədik və bundan sonra da çalışacağıq ki, bəlkə vaxtında azadlığa çıxsın. [Ramaz Beğeluri] Xəstədir, gündəlik dərman qəbul edir. Dərmanı içməsə, qıcolmaya düşəcək”, - Nora Beğeluri “Mtavari Rxi”yə deyib.
40 yaşlı Ramaz Beğeluri artıq beşinci dəfədir ki, işğalçı qüvvələrin qanunsuz həbsindədir. Onun sonuncu həbsi aprelin sonunda, Pasxa bayramı ərəfəsində olub. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti aprelin 29-da işğal olunmuş Disevi kəndi yaxınlığında Gürcüstan vətəndaşının qanunsuz saxlanıldığını açıqlayıb. Ailəsinin və həmkəndlilərinin verdiyi məlumata görə, Ramaz Beğeluri kənd qəbiristanlığında qardaşının məzarını təmizləyərkən saxlanılıb.
İşğalçı rejim Ramaz Beğelurini 2 fevral 2021-ci ildə də saxlayıb. Martın 31-də Tsxinvali məhkəməsi onu qondarma “sərhədi” pozucusu kimi tanıyıb və bir il müddətinə şərti həbs cəzasına məhkum edib. Gürcüstan vətəndaşı 2 aylıq qanunsuz həbsdən sonra aprelin 1-də azad edilərək Gürcüstanın mərkəzi hökumətinin nümayəndələrinə təhvil verilib. Ailə üzvlərinin dediyinə görə, azadlığa çıxmasından bir ay keçməmişdi ki, Ramaz Beğeluri komaya düşüb və epilepsiya diaqnozu qoyulub.
Hazırda 8 Gürcüstan vətəndaşı Tsxinvali rejiminin qanunsuz nəzarətində qalır. İyunun 5-də Rusiya mətbuatı xəbər yayıb ki, məhkəmə 35 yaşlı Qiorqi Mosiaşvilini qondarma “sərhədi” qanunsuz keçməkdə təqsirli bilib və iki il müddətinə azadlıqdan məhrum edib. Qiorqi Mosiaşvili Saçxerenin Perevi kənd sakinidir. O, 2023-cü il oktyabrın 31-də işğal altındakı Sinaquri kəndi ətrafındakı ərazidən qaçırılıb.