İvane Çxikvadze Konqresdəki çıxışından sonra hava limanında qarşılanıb və təhqir olunub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Bir müddət əvvəl Konqresdəki çıxışına görə hökumət nümayəndələrinin tənqid hədəfinə çevrilən “Vətəndaş Cəmiyyəti Fondu”nun Avropaya İnteqrasiya Proqramının rəhbəri İvane Çxikvadze Tbilisi Beynəlxalq Hava Limanında bir neçə nəfər tərəfindən qarşılanıb və təhqir olunub. Orada, ictimai yayımçı olan "Birinci Kanal"ın, “İmedi”, “Rustavi 2” və “PosTv”nin çəkiliş qrupları olub.

“Soros sənə nə qədər ödəyib?”, “Serqo Orconikidzsən? Niyə bu torpağa ayaq basırsan?!”, “Qulsan, adi qulsan”, “Sən Sorosun puluna satılan agentsən”, - “Rustavi 2” televiziyası tərəfindən yayımlanan kadrlarda eşidilir. İvane Çxikvadze onlara cavab verməyib və heç bir şərh vermədən hava limanı ərazisini tərk edib.

İyunun 4-də Helsinki Komissiyasının təşkilatçılığı ilə ABŞ Konqresində Gürcüstanın suverenliyi və demokratiyasına dəstək ilə bağlı dinləmələr keçirilib və İvane Çxikvadze və Gürcüstanın Avropa İttifaqındakı keçmiş səfiri, “Chatham House” təşkilatının baş elmi işçisi Natali Sabanadze məruzə ilə çıxış ediblər. Onlar rus qanununun yenidən ir’li sürülməsindən sonra Gürcüstanda baş verən hadisələr, o cümlədən etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıq və fərqli fikirlərin təqib edilməsi barədə ətraflı danışıblar.

İvane Çxikvadze çıxışında bildirib ki, Gürcüstan yol ayrıcındadır – “ya o, azad və vahid Avropanın bir hissəsi olmaq axtarışlarını davam etdirəcək, ya da yenidən Rusiyanın arxa bağçasına çevriləcək”. Onun qeyd etdiyi kimi, hökumətin ölkəni Rusiyanın orbitinə çıxarmasını dayandıracaq konkret addımlar lazımdır. Natali Sabanadze isə deyib ki, “bir məsuliyyətsiz adamın tapşırığı ilə” parlament çoxluğu “xarici agentlər” haqqında rus qanunu kimi qanunlar qəbul etməklə Gürcüstanın xarici siyasətinin uzunmüddətli prioritetlərini, 30 illik nailiyyətlərini və dostluğunu məhv edir. 

Gürcüstanın baş naziri, parlament sədri və “Gürcü Arzusu”nun liderləri də Çxikvadze və Sabanadzeyə qarşı nifrət nitqi və zorakılığı təşviq edən bəyanatlar veriblər – onları ölkəyə xəyanətdə ittiham ediblər və bolşevik Serqo Orconikidze ilə müqayisə ediblər:

“Bu adamlar, müasir Serqo Orconikidzelər Moskvaya yox, Vaşinqtona gedirlər ki, hansısa yolla ölkəmizə zərər vursunlar, bu, təbii ki, xəyanətdir. Verilə biləcək yeganə qiymət xəyanətdir... İnsan satqın olduqda Vaşinqtonda da, Brüsseldə də, Berlində də sizə eyni xəyanəti edəcək”, - deyə İrakli Kobaxidze bildirib.

Prezidentin “xarici agentlər” rus qanununa qoyduğu veto aşıldıqdan sonra rus qanununun bir çox əleyhdarları hücuma məruz qalıb.

  • İyunun 11-də səhər saatlarında üç nəfər mülki fəal Zuka Berdzenişvilini evinin yaxınlığında pusquya salaraq ona fiziki təzyiq göstərib. Onun sifət nahiyəsinə zərbələr endirilib və bu, əməliyyat tələb edib. Hücumdan bir saat əvvəl parlament sədri Şalva Papuaşvili sosial şəbəkədə yazı dərc edərək, Zuka Berdzenişvilini hakim partiya üzvlərinə qarşı “mütəşəkkil və siyasi motivli terror kampaniyası”nda iştirak edən “qəzəblənmiş vətəndaşlardan” biri adlandırıb.
  • İyunun 7-də Tbilisi Dövlət Universitetinin birinci korpusu yaxınlığında “Azadlıq Uğrunda” tələbə hərəkatının təsisçisi, mülki fəal Niko Manaqadzeyə hücum edilib. O, hər şənbə universitet yaxınlığında İrakli Kobaxidzeni qarşılayan və rus qanununa etiraz edən tələbələrdəndir.

Mülki fəallara qarşı zorakılıq faktlarının heç biri araşdırılmayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur