Ukraynada döyüşən “Gürcü Legionu”nun komandiri Mamuka Mamulaşvilinin sözlərinə görə, əksəriyyəti hazırda Ukraynada olan birləşmənin 300-ə yaxın üzvü Gürcüstanda axtarışdadır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mamuka Mamulaşvili iyulun 21-də “The Insider” nəşrinə müsahibəsində Ukrayna tərəfində döyüşən vətəndaşların Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə dindirilmə üçün çağırılmasına münasibət bildirib.
“Rusiya bizim üçün axtarış elan edəndən sonra hadisələrin belə inkişaf edəcəyini proqnozlaşdırmışdım. Bu, Gürcüstan hakimiyyətinin bizi həbs etmək üçün əsaslarının olması üçün edilib. Rusiya və Gürcüstan xüsusi xidmət orqanları bu gün sinxron işləyirlər.
Gürcüstana qayıdan bir çox oğlanlarımıza gürcü xüsusi xidmət orqanları “burada ruslar çoxdur, sizi daha qoruya bilmərik, xaiş edirik, gedin” deyərək, getməyi məsləhət görüblər. İstisna etmirəm ki, könüllülərin bir qismi Rusiyaya təhvil verilə bilər, lakin, sadəcə payız seçkilərindən sonra. Mən artıq Amerika Birləşmiş Ştatları ilə gürcü döyüşçüləri gözləyən təhlükələr barədə məlumat paylaşmışam. Mən əminəm ki, Gürcüstan hökumətinə qarşı sanksiyalar olacaq. Biz bunda iştirak edənlərin hamısına qarşı sanksiyaların tətbiqini addım-addım asanlaşdıracağıq”, - deyə Mamulaşvili bildirib. Bir ay əvvəl Rusiya onun qurduğu “Gürcü Legionu”nu “terror təşkilatı” elan edib.
Son bir neçə gündür ki, Dövlət Təhlükəsizlik Xidməti Ukraynada döyüşən, hazırda Gürcüstanda olan gürcüləri dindirməyə çağırır. Onların arasında Qela Kaxabrişvili, Vaja Tsetsadze, Nadim Xmaladze, Laşa Çiqladze, Laşa Ruxaia və Konstantin Cğamaia da var.
Abxaziya və 2008-ci il avqust müharibələrinin veteranı Qela Kaxabrişvili və onun vəkili Mixail Ramişvili iyulun 23-də Tbilisi Şəhər Məhkəməsində magistrat hakiminin iştirakı ilə dindirildikdən sonra DTX müstəntiqinin suallarının Bidzina İvanişviliyə və “Gürcü Arzusu”nun yüksək rütbəli məmurlarına qarşı terror aktının hazırlanması ilə bağlı olduğunu deyib. Bu gün, iyulun 24-də DTX daha əvvəl hökumətyönlü medianın “Bidzina İvanişvilinin qətlinin hazırlanması faktlarını” araşdırıldığı barədə yaydığı məlumatı təsdiqləyib.
“Dövlət Təhlükəsizlik Xidməti Gürcüstan hökumətinin Ukraynada olan keçmiş yüksək rütbəli məmurları və hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları tərəfindən təşkil edilən və maliyyələşdirilən “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin qətlinin hazırlanması faktlarını araşdırır. Sözügedən cinayət əməllərinin məqsədi iğtişaşlar yaratmaq və hakimiyyəti zəiflətmək fonunda dağıdıcı qüvvələr tərəfindən zorakı yolla dövlət hakimiyyətini devirməkdir.”, - deyə DTX bildirib, lakin istintaqın nə vaxt və hansı əsasla başlandığını dəqiqləşdirməyib.
İş Cinayət Məcəlləsinin 18-323 və 315-ci maddələrinin birinci hissələri, yəni terror aktının hazırlanması və dövlət hakimiyyətini devirmək üçün sui-qəsd təşkil etmə üzrə qaldırılıb.