Müxalifət partiyalarının üzvləri Boris Çele Kurua və Nodar Çaçanidzeyə hücum olunub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Mayın 9-da gecə saatlarında müxalif siyasi partiyalardan - “Qırçı – Daha Çox Azadlıq” partiyasının üzvü Boris Çele Kurua və “Axali” partiyasının üzvü Nodar Çaçanidze evlərinin yaxınlığında hücuma məruz qalıblar. Hücumdan əvvəl onların hər ikisi mövzusu son günlər rus qanunu əleyhdarlarının repressiyaları olan “Formula” televiziyasının proqramında iştirak ediblər.

“Ən azı 6 nəfər olardı. Evə çatanda gördüm ki, girişdə məni kimsə gözləyir. Biri görünürdü. Getdim və məni gözləyirsən ay q***ə deyə qışqırdım, bu an maşınların arxasında gizlənənlər çıxdı.

Biri arxadan vurdu, məni yerə yıxdı və ayaqları ilə vurmağa başladılar.

Sonra adətən olduğu kimi, tezcə qaçdılar”, - Boris Çele Kurua bildirib. Onun başından xəsarətlər var.

Naməlum şəxslər evin girişində “Axali” partiyasının üzvü Nodar Çaçanidzeyi də qarşılayıblar.

“Girişdə məni iki nəfər gözləyirdi, daha iki nəfər maşında idi. Təəssüf ki, elə bir reallıqda yaşayırıq ki, mən bunu gözləyirdim. Biri bir tərəfdən, ikisi digər tərəfdən gəldi. Məni, güman ki, danıdıqları formada qarşıladılar.

Əllərimlə üzümü örtmək məni xilas etdi. Hücum zamanı yıxıldım və təpiklə vuruldum. Hər şey çox ani baş verdi.

Başqaları eşitsin deyə qışqırdım. İşıq yandı və uzun müddət mübarizəni davam etdirə bilmədilər. Başqaları ilə müqayisədə mən bu məqamda xilas oldum. Qonşunun mənə dediyinə görə, girişdə gözləyən iki nəfər kapşion və maska ​​taxıbmış. Onlar Dito Samxaradze kimi zonderlərin istifadə etdiyi gənc idmançılar idi. Təəssüf ki, gənclər belə tapşırıqları yerinə yetirməli olurlar”, - Nodar Çaçanidze deyir.

***

Mayın 3-də Tbilisidə rus qanununa qarşı etiraz aksiyasında iştirak edən gənclərə hücum və fiziki təzyiqlər edilib, buna görə Daxili İşlər Nazirliyi heç kimi həbs etməyib. Media tərəfindən müəyyən edilən hücumçular arasında Tbilisi Meriyası tərəfindən büdcədən maliyyələşdirilən məşqçilər də var.

Mayın 5-də Lançxutidə pedaqoq Lado Apxazava və oğlu hücuma məruz qalıb. Apxazava hücumda iki nəfərin iştirak etdiyini bildirsə də, prokurorluq sadəcə bir nəfəri fiziki zorakılıqda ittiham edib. Məhkəmə hücumçunuu, Lançxuti təcili tibbi yardım xidmətinin əməkdaşını girov müqabilində zaminə buraxıb.

Mayın 7-də qeyri-hökumət təşkilatı “İnformasiya Azadlığının İnkişafı İnstitutu”nın direktoru Qiorqi Klidiaşvili və “Formula”nın çəkiliş qrupu Tbilisidəki İsveç səfirliyindən çıxarkən hücuma məruz qalıb.

Mayın 8-də “Milli Hərəkat”ın üzvü Dimitri Çikovani yaşayış binasının girişində hücuma məruz qalıb, üzündən və başından çoxsaylı xəsarətlər alıb. Hücumdan əvvəl aprelin 23-də baş nazir İrakli Kobaxidze “Davit Kezeraşvili və Dima Çikovani tərəfindən 1000 lari ilə maliyyələşdirilən şəxslər rus qanunu əleyhinə keçirilən aksiyalarda ən öndə dayanır” bəyanatı vermişdi. Çikovani “Formula” teleşirkətinin təsisçisi və Gürcüstanın keçmiş müdafiə naziri Davit Kezeraşvilinin həyat yoldaşının qardaşıdır.

Mayın 8-də naməlum şəxslər Gürcüstan Universitetinin lektoru, “Çavçavadze Mərkəzi”nin tədqiqatçısı Qia Caparidzeyə hücum ediblər. O, “Qirçi – Daha Çox Azadlıq” müxalifət partiyasının lideri Zurab Caparidzenin qardaşıdır və rus qanunu əleyhinə hərəkətlərdə fəal iştirak edir. “Məni birbaşa döyməyə başladılar. Əllərində bir neçə dəyənək var idi. Niyə mən rus qanununa qarşıyam – belə deyirdilər”, – Qia Caparidze deyib. Onun başında və üzündə xəsarətlər var. Onun, həmçinin kəllə-beyin travmasının olduğu da bildirilir.

Mayın 8-də rus qanununa qarşı etiraz aksiyalarının təşkilatçılarından biri olan bayker Laşa Ğvinianidze hücuma məruz qalıb. “72 yaşlı atama zəng vurub hədələyiblər ki, oğlun dayansın. Biz bunun sadəcə təhdid olduğunu düşündük, ancaq evdə də bizə hücum etdiklərini görürük. Mənim harada olduğumu necə bildiklərini bilmirəm. Mənə şübhəli nömrədən zəng gəldi, cavab verdim, amma cavab verən olmadı. Ola bilsin ki, onlar məkanı belə öyrəniblər. Təxminən 10 dəqiqə ərzində 3 nəfər maskalı tökülüşdü. Dostum və mənim yanımdan keçdilər. Sonra bizə salam verib arxadan hücum etdilər”, - deyə Laşa Ğvinianidze bildirib.

***

“Biz hədə-qorxu, təhdid və zorakılığa dərhal son qoyulmasını tələb edirik”, - Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bu gün bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə, ABŞ artan təzyiq və fiziki hücumlardan xəbərdardır:

“Qanun layihəsinə qarşı çıxanlara qarşı atılan addımlar və onun irəlilədilməsi istiqamətində görülən tədbirlər bizi çox narahat edir.

Biz vətəndaş cəmiyyətinə, müxalifət fəallarına və jurnalistlərə qarşı təqib və fiziki hücumlar barədə məlumatların artmasından xəbərdarıq. Biz bunu pisləyirik və müstəqil, tam və vaxtında araşdırma aparmağa çağırırıq”.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri mayın 9-da bildirib ki, ötən gün baş verən hücumlarla bağlı dərhal istintaq başlayıb: “Nə oldu]unu, nə baş verdiyini, kimin hücum etdiyini gördük. Bu olub, ya o olub deyə birbaşa danışa bilmirəm. Hücum baş verib, təəssüf ki, insanlar yaralanıb, istintaq başladılıb”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur