Parlament və hökumət üzvlərinin uçuşların bərpasına reaksiyası narahatlıq doğurur - Kolomina

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“NATO” Gürcüstan parlamenti və hökumət üzvlərinin Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpası ilə bağlı reaksiyasından narahatdır. Bu barədə Alyansın baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə Xavyer Kolomina məlumat verib.

Kolominanın sözlərinə görə, hər kəsin Ukraynanı dəstəkləməli olduğu bir vaxtda Gürcüstanın reaksiyası çox vacibdir.

“Biz çox aydın olmalıyıq, hamımız Ukraynanın yanında olmalıyıq. Bunu Gürcüstandan və bütün digər tərəfdaşlardan gözləyirik. Müşahidə etdiyimiz reaksiyalar, təbii ki, bizi narahat edir və bu narahatlığı sizin hakimiyyət orqanlarına da çatdırmışıq... Moskvanın bu qərarını bəyənmirik, lakin bu, birtərəfli qərar idi.

Narahatlıq daha çox parlamentinizin bəzi üzvləri və hökumət üzvlərində müşahidə etdiyimiz reaksiyalarla bağlıdır, çünki qeyd etdiyim kimi, bu, Ukraynanı dəstəkləməyə davam etməyimiz üçün kritik məqamdır. Bu, bizim hamımız üçün prioritetdir və bütün tərəfdaşlarımız üçün prioritet olmalıdır, həm də ona görə ki, bu, Rusiyanın potensial sanksiyalardan yayınması üçün müəyyən imkan yaradır.

“Biz hakimiyyətlə sanksiyalardan yayınmanın qarşısını almaq üçün gördükləri işlər barədə danışdıq, onlar bir çox cəhətdən yaxşı işlər görürlər, lakin müşahidə etdiyimiz reaksiyalar ən azı Rusiyanın sanksiyalardan yan keçmək üçün burada yer tapmasına imkan yaradır və sadalanan potensila kölgə salır.”, - deyə Xavyer Kolomina bildirib.

“NATO” baş katibinin nümayəndəsinin sözlərinə görə, Gürcüstan hakimiyyətini sanksiyalardan yayınmağa yol verməmək üçün müvafiq tədbirlər görməyə çağırıblar.

Mayın 10-da Rusiya prezidenti Vladimir Putin 2019-cu il iyunun 21-də Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların qadağan edilməsi ilə bağlı qərarını ləğv edib. Putinin fərmanına əsasən, Gürcüstan vətəndaşları üçün 2000-ci ildən qüvvədə olan viza rejimi də ləğv edilib.

Gürcüstan hökuməti bu qərarları müsbət qiymətləndirib və artıq Rusiyanın iki aviaşirkətinə Tbilisi-Moskva-Tbilisi, Soçi-Tbilisi-Soçi və Moskva-Kutaisi-Moskva marşrutları üzrə uçuşlar həyata keçirmək hüququ verib. Gürcüstanın “Georgian Airways” şirkəti də Moskva istiqamətində uçuşlara başlayıb. Hakimiyyət iddia edir ki, onlar sanksiya tətbiq olunan aviaşirkət və təyyarələrin uçuşuna icazə verməyəcəklər.

“Gürcüstanın öz milli maraqlarına sahib olmaq üçün suveren hüquqlara malikdir. Bizim Rusiya ilə iqtisadi-ticarəi əlaqələrimiz var, Rusiyada diaspor olaraq yaşayan bir milyon gürcü, etnik gürcü var və Rusiya ilə birbaşa uçuşlar, məncə, adi haldır. Bu isə o demək deyil ki, biz Rusiya ilə hər hansı siyasi məsləhətləşmələr aparırıq... Bu, Avropa İttifaqı və Amerikanın Rusiya ilə etdiyi kimi, bizim iqtisadi-ticari əlaqələrimizin bir hissəsidir. Bizim Rusiya ilə normal ticarət əlaqələrimiz var”, - Gürcüstanın baş naziri İrakli Ğaribaşvili mayın 24-də Qətər İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Avropa İttifaqı Gürcüstan hakimiyyətini Avropa İttifaqı və bir sıra beynəlxalq tərəfdaşların aviasiya sahəsində Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağa çağırıb.

ABŞ hökuməti hesab edir ki, bu gün bütövlükdə Qərb cəmiyyətinin Rusiya rejimindən uzaqlaşdığı bir vaxtda heç bir ölkənin onunla əlaqəsini artırmaq vaxtı deyil. Dövlət Departamentinin məlumatına görə, Gürcüstan hava limanlarında fəaliyyət göstərən şirkətlər, idxal və ixrac nəzarəti altında olan təyyarələrə xidmət göstərdikləri təqdirdə sanksiyalar riski ilə üzləşə bilərlər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur