Təxribatçılar, quldurlar, heçliklər - “Georgian Airways”in bəyanatı

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Mayın 20-dən Tbilisi-Moskva-Tbilisi istiqamətində müntəzəm uçuşlara başlayacaq olan “Georgian Airways” aviaşirkəti ictimai qınaqlara cavab olaraq işçiləri adından bəyanat yayıb. Şirkət bildirir ki, onlara qarşı başlayan “çirkli kampaniya”nın arxasında “xaricdən alınan qrantlara haqq qazandırmaq üçün xalqın mənafeyinə zidd getməyə hazır olan, idarə olunan qüvvələr” dayanır.

Çirkli əllərinizi “Georgian Airways”dən uzaq tutun! Son günlər Rusiyaya uçuşların bərpası ilə bağlı “Georgian Airways”in ünvanına tez-tez təhqiramiz ifadələr eşidirik. Aviaşirkətə qarşı çirkin kampaniya başladılıb, tamamilə nahaq yerə qəbuledilməz epitetlərlə “bizə damğa vururlar”. Ən çox ürək ağrıdan isə vətənpərvərlik hisslərimizə hücumdur. Bizi satqın adlandırırlar, niyə Rusiyaya uçmaq barədə düşünürsünüz deyirlər”, - deyə bəyanatda bildirilir.

Aviaşirkət hesab edir ki, onlara qarşı irəli sürülən ittihamlar əsassızdır, çünki dövlətlər arasında viza rejiminin təsisi və ya ləğvi, hava hərəkətini dayandırmaq və ya bərpa etmək qərarını aviaşirkətlər deyil, dövlətlər verirlər: “Biz siyasi təşkilat deyilik, ona görə də siyasi qərarlar qəbul etmirik. Biz gürcü xalqının sifarişini yerinə yetirməliyik və Gürcüstan vətəndaşlarının hansı istiqamətə səyahət etmək istəyi olsa istiqamətlərə xidmət etməliyik. Bizim gürcü xalqının xidmətində durmaqdan başqa heç bir siyasətimiz yoxdur. Biz gürcü xalqının maraqlarına müharibə şəraitində də xidmət etmişik və sülh şəraitində də edəcəyik”.

Bəyanatda qeyd olunur ki, “Georgian Airways” təsisçiləri və əməkdaşları Abxaziyadakı müharibə zamanı od vurulmuş Soxumidən uşaqları, qadınları, qocaları və yaralıları təxliyə etmək və həlak olan döyüşçüləri daşımaq üçün öz həyatlarını riskə atmış olan aviaşirkətdir.

“Onların çoxu bu yolda özünü qurban verdi. Ona görə də hərbi əməliyyatlarda iştirakına, fədakarlığına görə dövlət mükafatlarına layiq görülən şəxsləri vətən xaini adlandırmaq vicdansızlıq, utanmazlıq və ədalətsizlikdir.

2008-ci il müharibəsi zamanı “Georgian Airways” uçuşları dayandırmayan və Gürcüstana yüzlərlə xarici jurnalist və siyasətçi gətirən, gürcü xalqının bugünkü faciəsini bütün dünyaya nümayiş etdirən yeganə aviaşirkət idi. Təxribatçılara müraciət edirik, siz bunu da vətənə xəyanət hesab edirsiniz?! Ancaq bu, sizin kimi şərəfsizlərdən bu da təəccüblü olmayacaq. Buradaca vurğulamaq lazımdır ki, hazırda “Georgian Airways”də Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanları işlə təmin olunub. Kiminsə bizim şirkətimizi satqın adlandırmağa cəsarət etməsi utanmazlıqdır!

Səthi nəzər yetirməklə belə aydın olur ki, bu çirkin kampaniyanın arxasında xaricdən alınan qrantlara haqq qazandırmaq üçün öz ölkəsinin, xalqının mənafeyinə zidd getməyə hazır olan idarə olunan qüvvələr dayanır.

Yaradılan vəziyyətə düzgün qiymət verəcək, həqiqətin tərəfində dayanacaq müdrik gürcü xalqına inanırıq. Həqiqət birdir - “Georgian Airways” Gürcüstanın və gürcü xalqının maraqlarına xidmət edən aviaşirkət olub və olacaq.

Biz siyasətə aludə olan və iki qəpiyə oynayan quldurlara deyirik, düşmənin artilleriyasından, tanklarından, hərbi təyyarələrindən qorxmamışıq və sizin kimi komik heçliklərdən ümumiyyətlə qorxmayacağıq. Aviaşirkətə qarşı hər hansı təxribat barədə ağlınıza belə gətirməyin, əks halda qanunla nəzərdə tutulmuş ən sərt cavabı alacaqsınız”, - “Georgian Airways”in bəyanatında deyilir.

Gürcüstanın Mülki Aviasiya Agentliyi “Georgian Airways”ə Tbilisi-Moskva-Tbilisi istiqamətində müntəzəm uçuşlar həyata keçirməyə mayın 16-da icazə verib. Həftədə 7 birbaşa uçuş hhəyata keçiriləcək. Mayın 20-nə planlaşdırılan reysdə birtərəfli ekonom sinif biletinin qiyməti 825 laridən, biznes sinif biletinin qiyməti isə 2804 laridən başlayır.

Mayın 12-də Rusiya mətbuatına müsahibəsində “Georgian Airways”in prezidenti Tamaz Qaiaşvili bildirib ki, “Georgian Airways” özəl şirkətdir və zərərə işləyə bilməz. Ona görə də Moskva-Tbilisi marşrutunu təbliği ilə məşğul olacaqlar. Qaiaşvilinin sözlərinə görə, “Gürcüstanda bütün normal insanlar Rusiya tərəfinin qərarını alqışlayıb, hamı uçuşların və vizasız rejimin bərpasını haqlı sayır”.

Moskvadan Tbilisiyə ilk birbaşa reys mayın 19-na planlaşdırılıb və onu Rusiyanın “Azimut” (Azimuth Airlines) aviaşirkəti həyata keçirəcək. Müxalifət partiyası “Droa”nın lideri Elene Xoştariya Tbilisi beynəlxalq hava limanında etiraz aksiyası keçirəcəyini açıqlayıb.

Rusiya prezidenti Vladimir Putinin 10 may 2023-cü il tarixli qərarına əsasən, 2019-cu ildə rus aviaşirkətləri üçün Rusiyadan Gürcüstana uçuşlara qoyulan qadağa ləğv edilib. Bundan əlavə, Putin viza rejimini də ləğv edib və mayın 15-dən Gürcüstan vətəndaşları Rusiya ərazisinə 90 günədək müddətə vizasız daxil ola bilərlər.

 

Bu mövzu haqqında:

Aİ-nin xarici siyasəti ilə Gürcüstanın uyğunluğu azalır - Peter Stano

ABŞ Gürcüstanın hava limanı şirkətlərinə sanksiyalar riski ilə bağlı xəbərdarlıq edir

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur