Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların iyunda başlayacağı gözlənilir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Aİ rəsmiləri Ukraynanın üzvlük danışıqlarının iyunda başlamasını tələb edirlər. Bu barədə beş diplomata əsaslanaraq “Politico” məlumat yayıb.

Adının çəkilməsini istəməyən diplomatlar “Politico”ya bildiriblər ki, hazırda Macarıstan hökumətini danışıqlara başlamağa razı salmaq üçün intensiv iş gedir.

Diplomatlardan biri fərz edib ki, Macarıstan Avropa Şurasına altı aylıq sədrliyi iyul ayında Belçikadan təhvil alana qədər danışıqlara başlamaqdan qaçınmaq istəyə bilər.

Ukraynanın Aİ-yə üzvlüyü prosesində növbəti addım Hökumətlərarası Konfrans vasitəsilə Ukrayna ilə rəsmi danışıqların başlanmasıdır. Belçika rəsmiləri konfransı iyunun 25-nə təyin ediblər.

Danışıqlara başlamaq üçün Avropa İttifaqının 27 ölkəsi layihəsi bu ilin martında Avropa Komissiyası tərəfindən hazırlanmış danışıqlar çərçivəsi barədə razılığa gəlməlidir. İki diplomat “Politico”ya bildirib ki, danışıqlar texniki müstəvidə yaxşı gedir və onlar ən mühüm məsələləri həll etmək üçün yaxın həftələrdə Aİ səfirlərinə yeni layihənin göndəriləcəyini gözləyirlər.

Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Maternova hesab edir ki, Ukrayna üzvlüklə bağlı danışıqlara başlamağa hazırdır.

2023-cü ilin dekabrında Avropa Şurası namizəd ölkələr - Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib. Gürcüstana namizəd statusu hökumətin 9 istiqamətdə addımlar atacağı qeyd-şərtlə verilib.

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası “xarici agentlər haqqında” rus qanununu yenidən parlamentə təqdim etdikdən sonra Avropa Parlamenti qətnamə qəbul edib ki, bu qanun Gürcüstanın hüquqi nizamının bir hissəsi olduğu müddətcə, Gürcüstanla üzvlük danışıqları açılmamalıdır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur