Jurnalistlərə hökuməti tənqid etməkləri məhdudlaşdırılır – ABŞ Dövlət Departamentinin hesabatı

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

ABŞ Dövlət Departamenti Gürcüstanda insan haqları ilə bağlı 2023-cü il hesabatını dərc edib. İfadə azadlığına dair fəsildə rus qanunundan, jurnalistlərə, o cümlədən hökumət rəsmiləri tərəfindən olan zorakılıq və zorakılıq təhdidləri faktlarından bəhs edilir.

Dövlət Departamenti qeyd edir ki, Gürcüstanın konstitusiyası və qanunları ifadə azadlığını, o cümlədən mətbuat və digər kütləvi informasiya vasitələrini qoruyur. Bununla belə, jurnalistlər, qeyri-hökumət təşkilatları və beynəlxalq ictimaiyyət hökumətin bu azadlığa hörmətlə yanaşmasından ciddi narahatlığını bildirib. Bunlar müxalifət mediasının rəhbərinin həbsi, media plüralizmi mühitinin pisləşməsi və xaricdən maliyyə alan media qurumlarını “xarici agent” hesab edən qanun layihəsi ilə və jurnalistlərə qarşı zorakılıq və zorakılıq hədələri ilə bağlı narahatlıqlardır.

“Hökumətin jurnalistləri qeyri-qanuni izlədiyi iddia edilir. Xalq müdafiəçisinin sözlərinə görə, “Mtavari” telekanalının jurnalistlərini izləməkdə heç kim ittiham olunmayıb. Qeyri-hökumət təşkilatları jurnalistlərin qanunsuz izlənilməsi ilə bağlı əvvəlki hallarla bağlı araşdırmaların hələ də davam etdiyini bildiriblər”.

Hesabatda qeyd olunur ki, 2023-cü ilin fevralında parlament sədrinin təqdim etdiyi, media qurumlarının qeyri-inklüziv və qeyri-müəyyən adlandırdığı yeni mətbuatın akkreditasiyası qaydası jurnalistlərə əlavə məhdudiyyətlər qoyub və bir sıra hallarda Parlament Aparatının rəhbəri onların akkreditasiyasını dayandırıb. Dövlət Departamenti qeyd edir ki, Gürcüstanın Jurnalist Etikası Kartiyası və Xalq müdafiəçisi yeni qaydaya əsasən yalnız tənqidi KİV-lərin sanksiyaya məruz qalmasını problemli hesab edib.

Gürcüstanın Jurnalist Etikası Kartiyası informasiyaya çıxışı jurnalistlərin əsas problemi kimi müəyyən edib və dövlət qurumlarının mediaya məlumat verməməsi və ictimai hadisələrin işıqlandırılmasına mane olması ilə bağlı çoxsaylı misallar sadalayıb. Media vəkilliyi Koalisiyası açıq parlament dinləmələrində iştirak etmək istəyən bir neçə jurnalistin [Parlamentə] buraxılmamasından narahatlığını ifadə edib.

Elə hallar olub ki, hökumət ictimai xadimləri, siyasi opponentləri və jurnalistləri hakimiyyəti tənqid etməyi, ictimai maraq doğuran məsələləri müzakirə etməyi məhdudlaşdırıb. Məsələn, ən böyük müxalifət televiziyası “Mtavari Arxi”nin yaradıcısı və keçmiş baş direktoru Nika Qvaramiya 2022-ci ilin may ayından 22 iyun [2023] tarixində Prezident tərəfindən əfv olunana qədər həbsdə olub.  O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinirdi. “Amnesty İnternational” və yerli QHT-lər onun cəzalandırılmasının media azadlığı ilə bağlı narahatlıq doğurduğunu bildirirdilər. Xalq müdafiəçisi qeyd edirdi ki, iş siyasi motivlidir və Avropa İnsan Haqları Konvensiyasının 18-ci maddəsi pozur. Lakin Apellyasiya Məhkəməsi və Ali Məhkəmə 2022-ci ilin noyabrında və 19 iyunda [2023] Qvaramiyanın hökmünü qüvvədə saxlayıb. Media müşahidəçiləri Müdafiə Nazirliyi ilə “Formula” telekanalının təsisçisi, keçmiş müdafiə naziri Davit Kezeraşvili arasında yaranmış hüquqi mübahisənin məqsədinin tənqidi telekanalı ləğv etmək olduğuna dair narahatlıqlarını ifadə ediblər”, - Hesabatda oxuyuruq. 

Dövlət Departamenti qeyd edir ki, son bir il ərzində jurnalistlərə qarşı zorakı fiziki hücumlar, zorakılıq hədələri, təqiblər və diffamasiya şikayətləri ilə bağlı məlumatlar daxil olub. Hesabatda “Formula” teleşirkətinin sahibi və aparıcısı Mişa Mşvildadzeyə qarşı hücum, eləcə də mart aksiyaları zamanı jurnalistlərə qarşı zorakılıqlar yer alıb. Dövlət Departamenti qeyd edir ki, belə hallarda da “məsuliyyətsizliyin azlığı olub”. 

Mart ayında “xarici agent” qanununa qarşı nümayişlər zamanı polis onlarla jurnalist və operatora qarşı gözyaşardıcı qazdan və fiziki zorakılıq və təhqirlərdən istifadə edib. Digərləri isə etirazları işıqlandırmağa çalışarkən saxlanılıb. Gürcüstanın Jurnalist Etikası Kartiyası jurnalistlərə qarşı məhkəmə prosesini, o cümlədən lazımi prosesin olmaması və səhərə qədər davam edən marafon dinləmələri səbəbindən tənqid edib.

Jurnalistlərə qarşı zorakılıq təhdidləri də olub. Media Advokatlığı Koalisiyasının məlumatına görə, onlayn media “Mtis Amebi”nin müxbiri Qela Mtivlişvili hakim partiyanın nümayəndələri tərəfindən avqustun 3-də Şovidə sürüşməni işıqlandırdığına görə tənqid edildikdən sonra, yerli hökumət nümayəndələri onu “suya atmaq” və həyatına son qoymaqla hədələyirdilər.

Jurnalistlərə qarşı tez-tez diffamasiya şikayətləri olurdu. Gürcüstan Demokratik Təşəbbüsünün (GDI) məlumatına görə, hökumət rəsmiləri və ya hökumətlə əlaqəli şəxslər tərəfindən tənqidi mediaya qarşı diffamasiya iddialarının artması tendensiyası müşahidə olunurdu. 2021-2023-cü illərdə 38 belə hal var idi. “GDI” hesab edir ki, bu, tənqidi media qurumlarını nüfuzdan salmaq və onları tənqidi fikirlər söyləməkdən çəkindirmək məqsədi daşıyır. “TBeynəlxalq Şəffaflıq – Gürcüstan”nın məlumatına görə, bu hallar çox vaxt çox tez həll olunurdu və media külli miqdarda cərimə olunurdu.

Hökumət rəsmiləri zorakılıq və təqiblərə görə məsuliyyətə cəlb olunmurdular. Media təşkilatları Tbilisi Apellyasiya Məhkəməsinin 2021-ci ilin İyul praydı ilə bağlı zorakılığa görə məsuliyyət daşıyanların cəzasının azaldılmasını nəzərdə tutan qərarından narahat olduqlarını bildiriblər. Bu hücumların təşkilatçılarına qarşı ittiham irəli sürülməyib”, - hesabatda oxuyuruq.

Dövlət Departamenti bildirir ki, son bir ildə jurnalistlərin ifrat sağçı qruplar tərəfindən hücuma məruz qalması ilə bağlı çoxsaylı insidentlər baş verib. Məsələn, “Alt İnfo”nun üzvü Mamuka Andquladze “Pirveli” telekanalının jurnalisti Nato Qoqeliaya hücum edib.

“Qoqelia sonradan təhdidlər aldı və evi qarət edildi. Media Vəkilliyi Koalisiyası jurnalistin təhlükəsizliyinin təmin edilməsi üçün dövlət orqanlarına müraciət etmişdi. Xüsusi İstintaq Xidməti tərəfindən bir nəfər saxlanılmışdı.

Mayın 20-də Ğvareli gölü kurortunda Rusiya xarici işlər naziri Sergey Lavrovun qızının orada keçirilən şənlikdə iştirakı ilə başlayan etirazları işıqlandıran “Formula”nın jurnalistlərinə mühafizəçilər fiziki hücum etmişdilər”, - Dövlət Departamenti qeyd edir.

Hesabatda oktyabr ayında qəbul edilmiş, Gürcüstanın Milli Rabitə Komissiyasının ədəbsiz və ya nifrət nitqindən istifadə etdiklərinə görə media təşkilatlarını araşdırmaq və cərimələmək səlahiyyətini genişləndirən qanun tənqid edilib. Bu qanun qəbul edilənə qədər ədəbsizliyin və nifrət dilinin tənzimlənməsi özünütənzimləmə orqanının səlahiyyətində idi. Dövlət Departamenti yazır ki, Media vəkilliyi Koalisiyası dövlətin mediaya nəzarətdə rolunun artırılmasını tənqid edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur