Rusiyayönümlü, homofob “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” partiyası seçki subyekti kimi qeydiyyatdan keçib və oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində iştirak edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Seçkilərdə iştirak etmək hüququ əldə etmək üçün “Alt İnfo” martın sonunda 50 mindən çox seçicinin imzasını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Partiyanın liderlərindən biri olan Konstantin Morqoşianın dərc etdiyi sənəddən aydın olur ki, həqiqətən də 25 119 imza qanuni sayılıb ki, bu da partiyanın seçki subyekti kimi qeydiyyata alınması üçün kifayətdir.
“Sistemli təzyiq şəraitində “Mühafizəkarlar Hərəkatı/Alt-İnfo” seçki qeydiyyatından uğurla keçərək 2024-cü il seçkilərində iştirak etmək üçün seçki subyekti statusu alıb. Bütün mübarizə yoldaşlarımızı təbrik edirəm, mübarizənin həmişə mənası var. Bizə güvənən bütün insanlara təşəkkür edirəm. Bizi böyük qələbə gözləyir”, - deyə Morqoşia bildirib.
“Alt İnfo” partiyanı 2021-ci ilin sonunda təsis edib. Həmin il, iyulun 5-də zorakı qrup “Tbilisi Pride”nin elan etdiyi “ləyaqət marşı”na qarşı aksiya təşkil edib və bu aksiya jurnalistlərə və mülki fəallara qarşı genişmiqyaslı zorakılığa çevrilib. İki il sonra, 2023-cü ilin iyulunda “Alt İnfo” şəxsi ərazidə planlaşdırılan “Pride festivalı”nı da dağıdıb. Zorakılığın təşkilatçıları məsuliyyətə cəlb edilməyib.
2023-cü ilin sonunda Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusu verildikdən sonra “Alt İnfo”nun üzvləri və tərəfdarları Aİ bayraqlarının yandırılması kampaniyasına başlayıblar.
“Alt Info/Mühafizəkarlar Hərəkatı” 2022-ci ildə 577 034 lari, 2023-cü ildə 36 634, bu il isə 1 045 lari ianə alıb. Partiya qeyri-pul ianəsini gizlətdiyinə görə məhkəmə tərəfindən 217 482 lari cərimələnib. “Alt İnfo” Konstantin Morqoşianın təqaüdçü bibisinin hər ay yüz minlərlə lari ilə maliyyələşdirdiyi televiziyanın da sahibidir.