Gürcüstanın yeni Xalq Müdafiəçisi Levan İoseliani 7-9 mart tarixlərində Rustaveli prospektində baş verən hadisələri dəyərləndirib və belə bir ehtiyac olmadığı halda Daxili İşlər Nazirliyinin xüsusi vasitələrdən istifadə etdiyini bildirib. Xalq Müdafiəçisi istintaq orqanlarını qeyri-mütənasib güc tətbiqi, eləcə də media nümayəndələrinə xəsarət yetirmə faktları ilə bağlı səmərəli istintaq aparmağa çağırır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
7-9 mart tarixlərində parlamentin qarşısında “agentlər haqqında” rus qanunun qəbul edilməsinə qarşı minlərlə insanın iştirak etdiyi aksiya keçirilib. Daxili İşlər Nazirliyi gözyaşardıcı qaz, su şırnaqları və digər vasitələrdən istifadə etməklə dinc nümayişçiləri dağıdıb. Nümayişçilər dağıdılarkən aldığı xəsarət nəticəsində aksiya iştirakçılarından birinin bir gözü görmə qabiliyyətini itirib. Polis 133 vətəndaşı inzibati, bir nəfəri isə cinayət məsuliyyətinə cəlb edib. Saxlanılanlar arasında “Qirçi – Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidze də var. Etiraz “Gürcü arzusu”nu qanunu parlamentdən geri götürməyə məcbur edib.
Levan İoselianin sözlərinə görə, martın 7-də axşam saatlarında aksiya iştirakçılarının bəzilərinin parlamentin girişlərindən birinə yaxınlaşmağa cəhd etməsindən sonra vəziyyət gərginləşib, onların yolunu hüquq-mühafizə orqanlarının əməkdaşları kəsib.
“Bunun ardınca Daxili İşlər Nazirliyi aksiyanın zorakı hal aldığı, parlamentə girişlərdən birini bağlamaq cəhdinin olduğu və nazirliyin əməkdaşlarına qarşı zorakılıq hallarının baş verdiyi barədə bəyanat yayıb. Tezliklə vətəndaşların kiçik bir hissəsi parlamentin digər girişinə tərəf keçib. Hər iki yerdə qarşıdurma halları qeydə alınırdı. Gürcüstan Daxili İşlər Nazirliyi 2023-cü il martın 7-də axşam saatlarında xəbərdarlıq elan edən zaman aksiya dinc xarakter daşıyırdı və onu dayandırmaq və ona qarşı güc tətbiq etmək üçün heç bir əsas yox idi. Aksiya iştirakçıları tərəfindən zorakılıq hallarına gəlincə, əgər varsa, onlara qarşı fərdi - zəruri və mütənasib tədbirlər görülməlidir. Yuxarıda qeyd olunların əksinə olaraq, hüquq-mühafizəçiləri aksiya iştirakçılarına, o cümlədən dinc nümayişçilərə qarşı xüsusi vasitələrdən istifadə etməyə başlayıblar ki, bu da hüquqda lazımi və mütənasib müdaxilə standartına ziddir”, - deyə Xalq Müdafiəçisi bildirir.
Məhz onun qiymətləndirməsinə görə, martın 8-də parlamentin arxa girişindəki yığıncaq iştirakçılarının bəzilərinin başlatdıqları zorakı hərəkətlər hüquq-mühafizə orqanlarının əməkdaşlarının gücdən istifadə edərək, yığıncağı əsassız şəkildə dayandırmasına səbəb olub.
“Yığıncaq iştirakçılarından bəziləri Gürcüstan parlamentinin arxa girişinin tərəfindəki binaya ziyan vurmağa, pəncərələri sındırmağa başladıqdan sonra polis müvafiq tədbirlər görüb, lakin sözügedən gücdən istifadə Gürcüstan parlamenti qarşısında dayanan dinc aksiya iştirakçılarına qarşı tamamilə qeyri-qanuni şəkildə davam edib.
Onu da qeyd etmək lazımdır ki, hər iki halda, xüsusən də martın 8-də gecə saatlarında ilk dəfə güc tətbiq edildikdən sonra vəziyyət bir neçə dəfə təkrardan gərginləşib. Hadisə yerinə toplaşan insanlara qarşı təkrardan, belə bir zərurətin olmadığı halda, dəfələrlə xüsusi vasitələrdən istifadə olunub. Xalq Müdafiəçisinin qiymətləndirməsinə görə, analoji vəziyyətdə əsassız güc tətbiqi halları həmişə vəziyyətin süni şəkildə gərginləşməsinə səbəb olur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bundan çəkinməlidirlər.
Bu günlərdə mətbuatda yayılan görüntülərdə aksiya iştirakçılarına qarşı heç bir səbəb olmadan xüsusi vasitələrdən istifadə olunması, ayrı-ayrı şəxslərin polis əməkdaşlarına dinc şəkildə yaxınlaşması halında belə xüsusi vasitələrdən istifadə, o cümlədən məqsədyönlü şəkildə sifəti hədəf alan hallar əksini tapıb. Bu, açıq şəkildə cinayət əməlini ifadə edir.
Həmçinin mətbuat vasitəsilə vətəndaşlara qarşı kobud fiziki zorakılıq faktlarının birbaşa öz əksini tapdığı bir neçə videomateriallar da yayılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının yığıncaqları idarə etmək məqsədilə tətbiq etdikləri tədbirlər nəticəsində hadisələri işıqlandırmaq üçün orada olan media nümayəndələri də xəsarət alıb. Baxmayaraq ki,aksiya zamanı qanunvericilik onları xüsusi mühafizə altına alır, onların fəaliyyətinə maneə törədilməsi barədə də məlumatlar yayılıb.
Eyni zamanda, yığıncağı dayandıranadək və ona paralel olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları iştirakçıların inzibati qaydada kütləvi şəkildə həbs edilməsi praktikasına fəal şəkildə əl atıblar. Yayılan kadrlardan görünür ki, bəzi hallarda oxşar tədbir davam edən cinayətin qarşısını almaq məqsədli olmayıb, müvafiq olaraq, zərurətin tələbinə cavab verə bilməyib və hüquqa əsassız müdaxilə formasında olub”, - deyə Xalq Müdafiəçisi bildirib.
7-9 mart tarixlərində Xalq müdafiəçisi və nümayəndələri Daxili İşlər Nazirliyinin müxtəlif şöbə, idarə və ya müvəqqəti saxlama təcridxanalarında saxlanılan 96 nəfərə baş çəkib. Saxlanılan bir neçə şəxs saxlanılmalarının qanuniliyinin öyrənilməsi tələbi ilə Xalq Müdafiəçisi Aparatına müraciət edib. Saxlanılan şəxslər saxlanılmanın sərt formalarını, bəzi hallarda isə xəsarətlər olduğunu vurğulayıblar. Xalq Müdafiəçisi qeyd edir ki, Zurab Caparidzenin işi xüsusilə diqqətəlayiqdir. Onun və şahidin sözlərinə görə, Daxili İşlər Nazirliyinin bir neçə nümayəndəsi ona fiziki təzyiq göstərib, əl, ayaq və dəyənəklə döyüblər. Baş və boyun nahiyəsində, həmçinin bilək nahiyəsində çoxsaylı xəsarətlər var.
“Bundan başqa, bu günlər ərzində həbs olunanların ailə üzvləri və ya vəkillərinin onları tapa bilmədikləri, saxlanılma yerləri haqqında isə DİN-in məlumat vermədiyi barədə Xalq Müdafiəçisi Aparatına çox sayda şəxs müraciət edib. Bu, saxlanılanların müdafiə hüququnu pozur, çünki onlara vaxtında vəkillərlə görüşmək və müdafiə strategiyası hazırlamaq imkanı verilməyib”, - Levan İoseliani bildirib.
Xalq müdafiəçisi vurğulayır ki, dinc toplaşmaq azadlığı Gürcüstan Konstitusiyası ilə qorunur. Digər tərəfdən, BMT-nin İnsan Hüquqları Komitəsinin tərifinə əsasən, “zorakılıq” dedikdə, yığıncaq iştirakçılarının fiziki güc tətbiq etməsi başa düşülür. Bunun nəticəsində isə ölüm, sağlamlığa və ya əmlaka ciddi ziyan dəyməsi gözlənilən olur. Komitənin fikrincə, adi təyziq və ya əllə itələmək kimi hallar zorakılıq olaraq nəzərə alınmamalıdır. Xalq Müdafiəçisinin sözlərinə görə, ayrı-ayrı şəxslər və ya kiçik bir qrup şəxs tərəfindən şifahi və ya fiziki aqresiya və ya zorakılıq hərəkətləri dinc davranışlarını davam etdirən insanların sərbəst toplaşmaq azadlığını pozmur. Belə hallarda istənilən müdaxilə bütöv yığıncağı dağıtmağa deyil, konkret şəxslərin zorakı hərəkətlərinə cavab verməyə yönəlməlidir.