Jurnalistlərə və qeyri-hökumət təşkilatlarına qarşı zorakılıq və nifrət kampaniyası

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Xarici agentlər” haqqında rus qanununu hələ qəbul etməmiş olan “Gürcü Arzusu”, artıq araşdırmaçı jurnalistlərə və ictimai təşkilatların nümayəndələrinə qarşı repressiyalara başlayıb. Gecə onların evlərinin və ofislərinin yaxınlığına təhqiramiz, ləyaqət alçaldıcı, təhdid ehtiva edən plakatlar yapışdırılıb.

“Gürcü Arzusu”nun kampaniyasının hədəfi “Dağ Xəbərləri/Gürcüstan Xəbərələri” onlayn nəşrinin redaktoru Qela Mtivlişvili olub, o, artıq istintaqa başlamaq tələbi ilə Xüsusi İstintaq Xidmətinə müraciət edib. Onun sözlərinə görə, hakimiyyətin məqsədi Gürcüstanın ruslaşdırılmasına qarşı çıxan insanları susdurmaq və qorxutmaqdır.

“Agentlərin qərargahı” – bu yazı qonşuluqda yerləşən mənzilin qapısında “Monitor” araşdırma studiyasının əməkdaşları tərəfindən aşkar edilib. Qapıya “Monitor”un redaktoru Nino Zuriaşvilinin təsviri olan plakat da yapışdırılıb.

“Dünən ailə üzvlərimə və mənə təhqiredici zənglər gəldikdən sonra bu gün səhər mənə məlum oldu ki, naməlum şəxslər bizim ofisin divarlarına plakatlar yapışdırıblar ki, biz “qrant yeyənlər”ik və yalanlar yaymaq üçün xarici pullardan istifadə edirik. Yenə də, artıq qüvvədə olan #rus qanununa yox”, - “Media İnkişafı Fondu”nun rəhbəri Tamar Kintsuraşvili X sosial şəbəkəsində yazıb və divarlarda onun şəkli olan onlarla plakatın əks olunduğu videonu yayıb.

Mayın 8-dən 9-na keçən gecə naməlum şəxslər “Şərqi Avropanın Çoxpartiyalı Demokratiya Mərkəzi”nin ofisinə gəliblər. Bu qeyri-hökumət təşkilatının icraçı direktoru Levan Tsutskiridze dəfələrlə rus qanununa qarşı keçirilən aksiyalarda çıxış edib.

“Tiflisdə ofisimizin pəncərələrində “satqınlar”, “xarici pulların qulları” və s. yazılar olan plakatlar asılıb. Qorxmuruq. Bu plakatlar olmayacaq, onlar da gedəcəklər və biz qalib gələcəyik. #rusqanununayox”, - Tsutskiridze yazır.

Mülki fəal Nata Peradze videomüşahidə kamerası tərəfindən çəkilmiş görüntüləri dərc edib, burada səhər tezdən bir neçə kişinin evinin hasarına və darvazasına plakatlar yapışdırdığını görmək mümkündür. Bundan başqa, Nata Peradzenin avtomobilinin üzərində “millət düşməni” yazısı var. Fəal bir neçə saat ərzində polis çağırmağa çalışsa da, nəticə verməyib.

“Gürcüstanda tədqiqatçılara, fəallara və vətəndaş cəmiyyətinə qarşı bu hədə-qorxu hərəkətləri tamamilə yeni səviyyəyə çatıb. Bu, təkcə iyrənc və qeyri-insani deyil, həm də təhlükəlidir, çünki o, açıq şəkildə fərdlərə qarşı zorakılığa çağırış edir”, – Avropa Parlamentinin deputatı Viola von Kramon nifrət kampaniyasına belə münasibət bildirib.

Dünən gecə plakatların yerləşdirilməsi ilə yanaşı, rus qanuna qarşı çıxanlar da fiziki hücuma məruz qalıblar. Naməlum şəxslər “Milli Hərəkat”ın üzvü Dimitri Çikovani, “Çavçavadze Mərkəzi”nin tədqiqatçısı Qia Caparidze və aksiyaların təşkilatçılarından biri, bayker Laşa Ğvinianidzeyə hücum edib.

Mayın 7-də Tbilisidə qeyri-hökumət təşkilatı “İnformasiya Azadlığının İnkişafı İnstitutu”nın direktoru Qiorqi Klidiaşvili və “Formula”nın çəkiliş qrupu, mayın 5-də isə Lançxutidə rus qanunu əleyhinə etiraz aksiyalarının fəal iştirakçısı pedaqoq Lado Apxazava və oğlu hücuma məruz qalıb. Prokurorluq Apxazava işində bir nəfəri fiziki zorakılıqda təqsirli bilib, lakin, zərərçəkmiş hücumda iki nəfərin iştirak etdiyini deyir. Mayın 3-də Tbilisidə aksiyada iştirak edən gənclərə fiziki təzyiq göstərilib, lakin buna görə heç kim Daxili İşlər Nazirliyi tərəfindən həbs edilməyib. Bundan əlavə, son günlər naməlum şəxslər rus qanununa fəal şəkildə qarşı çıxan vətəndaşlara, o cümlədən jurnalistlərə, mülki fəallara, tələbələrə və onların ailə üzvlərinə zəng edir, onları söyür, hədələyirlər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur