Kobaxidzenin sözlərinə görə, rus qanunlarına qarşı aksiyaların məqsədi hökuməti devirmək olub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, “xarici agentlər” haqqında rus qanunun qəbuluna etirazların əsas məqsədi hakimiyyəti zorakılıqla devirmək olub. Kobaxidzenin fikrincə, humanist dövlət sistemi buna qarşı çıxdığı üçün bu plan iflasa uğradı. Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tbilisidə baş verənləri Kiyevdəki “Maydan”la müqayisə edərək, qanunun hakimiyyəti zorla dəyişdirməyə cəhd etmək üçün sadəcə bəhanə olduğunu bildirib.

“Xarici təsirin şəffaflığı haqqında qanun layihəsinin rus qanunu ilə heç bir əlaqəsi yox idi. Radikal müxalifət və onun havadarları tərəfindən eyni adlı rus qanunu haqqında həyata keçirilən kampaniya başdan sona yalan üzərində qurulmuşdu.

Minlərlə insana NGO-lar [Qeyri-Hökumət Təşkilatları] haqqında onları məlumatlandırmaq məqsədi daşıyan qanunu oxumadan etiraz etdirdilər. Bu, əsas məqsədi zorakılıq yolu ilə hakimiyyəti devirmək olan əsrin PR fırıldaqçılığı idi.

Bu plan iflasa uğradı, çünki onun qarşısında humanist, lakin Gürcüstanın dövlət təhlükəsizliyinin keşiyində möhkəm dayanan və dayanacaq olan çox güclü dövlət sistemi dururdu. Rus faktoruna gəlincə, tam məsuliyyətlə bildirmək istərdik ki, radikal müxalifət öz inqilabi planlarını bir il əvvəl, keçən il və ya bu il həyata keçirsəydi, bu gün Tbilisidə rus tankları dayanırdı. Onlar rus tanklarını 2008-ci ildə Gürcüstana gətirdikləri kimi bunu yenə edəcəkdilər. Bu gün Gürcüstanda ikinci cəbhə ssenarisinin həyata keçirilməyəcəyinə zəmanət verən məhz “Gürcü Arzusu”dur”, - deyə Kobaxidze bu gün keçirilən brifinqdə bildirib.

“Gürcü Arzusu”nu formal olaraq tərk edərək “Xalqın Gücü”nü formalaşdıran parlament çoxluğunun üzvləri xaricdən maliyyələşən müstəqil media qurumları və qeyri-hökumət təşkilatlarının “agent” kimi qeydiyyatdan keçməsini tələb edən iki qanun layihəsinin təşəbbüskarı olublar. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsində Ədliyyə Nazirliyinə media qurumları və qeyri-hökumət təşkilatlarını yoxlamaq, şəxsi məlumatlarını emal etmək və 25 000 lari cərimə tətbiq etmək səlahiyyəti verilirdi. “Xarici agentlərin qeydiyyatı” qanun layihəsində isə qanunu pozanların 5 il müddətinə azadlıqdan məhrum edilməsi nəzərdə tutulurdu. 

“Gürcü Arzusu” martın 7-də Rustaveli prospektində minlərlə insanın iştirak etdiyi etiraz aksiyalarını özü ilə bərabər gətirən “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci dinləmədə 78 deputatın müsbət rəyi ilə qəbul edib. Bundan sonra Daxili İşlər Nazirliyi gözyaşardıcı qaz, su şırnaqları və digər vasitələrdən istifadə etməklə dinc nümayişçiləri dağıdıb. Nümayişçilərin dağıdılması zamanı aldığı xəsarətlər nəticəsində mitinq iştirakçılarından birinin bir gözü görmə qabiliyyətini itirib. Polis 133 vətəndaşı inzibati, bir nəfəri isə cinayət məsuliyyətinə cəlb edib. Daxili İşlər Nazirliyi bildirir ki, zorakılıq hadisələri ilə bağlı Cinayət Məcəlləsinin 353 prima və 187-ci (polis əməkdaşlarına hücum və özgənin əmlakına ziyan vurma) maddələri ilə istintaq davam etdirilir.

Vətəndaşların etirazları nəticəsində “Gürcü arzusu” rus qanunlarından imtina etmək məcburiyyətində qalıb – “Xarici təsirin şəffaflığı haqqında” qanun martın 10-da ikinci dinləmədə ləğv edilib, “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihəsi isə parlamentdən geri götürülüb.

Rusiya Federasiyasında “xarici agentlər” haqqında qanun 2012-ci ildən qüvvədədir və müstəqil medianı, vətəndaş cəmiyyətini və müxalifəti susdurmaq üçün istifadə olunur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur